Diablo 1
Prodüsser
"CBC Sport" kanalının İnformasiya Xidməti departamentinin prodüsseri
Rəşad Quliyev

Fevralın son 10 günü

03.03.2016 11:30:07
Fevralın son 10 günü
1493 Baxış:
1980-ci ilin dekabrın 4-ü. O gün Azərbaycan futbol azarkeşlərinin ürəyi sevinc və böyük ümidlərlə döyünürdü. Zarafat deyildi, 8 illik fasilədən sonra SSRİ-nin əsas yığmasında növbəti azərbaycanlı futbolçu meydana çıxırdı. Özü də harda – Argentinanın Mar-del-Plata şəhərində. Əfsanəvi Maradonanın da yer aldığı yerli yığma ilə görüşün 56-cı dəqiqəsində Fyodor Çerenkovu əvəzləyən İqor çoxları üçün əfsanəvi Anatoli Banişevskinin layiqli davamçısı idi...
1999-cu il. Zaur Tağızadə əla reyd edərək Portuqaliyanın qapısına gözəl qol vurur. Sürət, texnika, əla reydlər... Tağızadə azarkeşlərin sevimlisi və ümidinə çevrilmişdi. Çoxları onun tezliklə Avropa klublarına keçəcəyini gözləyir, həm də bununla Azərbaycan futbolunun autsayder sırasından qurtulacağını düşünürdü.
Fevralın son 10 günü Azərbaycan futboluna özünəməxsus iz qoymuş üç şəxsin ad günüdür. Anatoli Banişevski, İqor Ponomaryov və Zaur Tağızadə. Hər biri haqqında ayrıca söz açılmalı şəxsdir. Xoş anları bir kənara qoyaq. Axı onlardan heç biri potensialını tam aça bilmədi. Bu bir qədər gülməli səslənir bəlkə də. Axı Anatoli Banişevski 1 dəfə Avropa çempionatının gümüş mükafatçısı, 1 dəfə Avropa, 1 dəfə dünya dördüncüsü, İqor Ponomaryov isə Olimpiya çempionudur. Çətin ki, kimsə onların nəticəsini təkrarlaya bilsin. Medalın görünən tərəfini qoyaq kənara, təəssüf ki, onlardan heç biri bacardığının hamısını göstərmədi. Banişevskiyə rejim mane oldu. Həm ölkədəki rejim, həm də özünün idman rejiminə soyuq münasibəti. Halbuki fövqəl istedadı ilə seçilən Anatoli həm xarici klublarda oynaya, həm də SSRİ-nin ən güclüsü ola bilərdi. Ponomaryov özü də istedadı ilə diqqət çəkib. Ancaq onun da rejimlə bağlı problemi vardı. Zaura gəldikdə, o istedadına baxmayaraq, yaxşı məktəb keçməməyin və zədələrin qurbanı oldu. Hərçənd onun Banişevski qədər istedada malik olduğunu da iddia etmək olmazdı. Adını dünya futboluna qızıl hərflərlə yazmalı olan bu istedadları indi ancaq özümüz tanıyırıq. Düzdür, bunda Azərbaycanda futbol yaranandan uşaq məşqçilərinin kifayət qədər peşəkar olmaması, idmançı rejiminə olan laqeydliyin rolu böyük olub. Elə indinin özündə də bir neçə matç əla çıxış edəndən sonra özünü itirənlər, peşəkarlıqdan uzaqlaşanların sayı çoxdur...
Azərbaycan futbolu isə yeni, parlaq, lakin bu dəfə peşəkar əfsanəsini gözləyir. Müstəqil Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək, adını zirvələrə qaldırmaq üçün...
P.S Tariximizə çox hörmətsiz yanaşırıq təəssüf ki. İndi Banişevski, Ponomaryov, eləcə də digərlərinin iştirak etdiyi oyunların videoyazısı qalmayıb. Onların əfsanə olduğunu isə ancaq bir neçə kadra baxıb deyə bilirik. Burada yadıma “Onu bağışlamaq olarmı” filminin sonundakı sual düşür: “Kimdir müqəssir, mənmi, omu, yoxsa minlərlə fəlakətə səbəb olan müharibələrmi?”