Prodüsser
"CBC Sport" kanalının İnformasiya Xidməti departamentinin prodüsseri
Rəşad Quliyev

Ən gözəl sevgili – Paulu Souza

25.02.2016 12:35:24
Ən gözəl sevgili – Paulu Souza
2225 Baxış:

Müqəddəs Valentin gününün sonu. “Artemio Franki”yə toplaşan 42687 tamaşaçının hər biri müxtəlif ab-havadadır. Kimi sevgilisindən aldığı hədiyyəni düşünür, kimi onu unutmuş sevdiyini unutmağa çalışır. Hələ sevməmiş, sevgisini itirmişlərlə yanaşı, sevgilisi ilə qoşa oyun izləyənlər. Bir stadion, fərqli vəziyyətdə olanlar... Bu arena tam başqa sevginin məkanına çevrilib. Meydana çıxan 11 nəfərin üzərinə düşən vəzifə onlara günün sonuncu hədiyyəsini etməkdir. Bu böyük sevgi cavabsız qala bilməzdi. Qarşı tərəfdə oyun tərzinə görə dəmir cəngavər kimi soyuq və əzəmətli “İnter” idi... Bütün ümidlər Paulu Souzayadır.

O, futbolçu kimi iki ilə iki dəfə çempionlar Liqası kubokunu qazanıb. Əvvəlcə “Yuventus”la. Bir il sonra Dortmund “Borussiya”sı ilə elə həmin “Yuventus”u məğlub edərək çempion olub. Romantik futbolçu olmayıb o. Dayaq yarımmüdafiəçisi üçün belə oyun tərzi uğursuzluğun simvolu olardı. Sərt və etibarlı... Yox, belə romantik olmur. Hətta o məşqçiliyə başlayandan sonra da romantikləşməyib. Olduğu yerlərdə də nəticə ondan uzaq qaçıb.

Hər şey Florensiyada dəyişdi. Bu gözəl İtaliya şəhəri onun qəlbindəki buzları əritdi. Paulu Souza bir anda romantika həvəskarı oldu. Onun “Fiorentina”sı hər hərəkətdə fanatların ürəyini oxşamağa çalışır. Gözəl ötürmələr, sürət, dabanla hərəkətlər, müxtəlif məsafələrdən zərbələr... Kaliniç, Sarate, İliçiç, Valero və başqaları meydanda müxtəlif, bəzən ağılsız sayıla biləcək hərəkətlər etməkdən belə qorxmurlar. Souza gözəl futbol istəyir. Qələbə üçün bütün yollar vacib deyil.

Soyuqqanlı “İnter” hesabı açanda belə qarşısında dəyişməyən və gözləri sevgi ilə alışıb-yanan “Fiorentina” vardı. Sevgili azarkeşlərini sevindirməyə çalışan komanda sonda layiqli qələbə qazandı. Bəli, “Fio” indi A seriyasının ən güclüsü deyil. Bəli, onlar ən güclü oyunçulara, ən güclü maliyyə dəstəyinə sahib deyil. Amma onların çox böyük neməti var. Sevdikləri Souza daim azarkeşləri sevindirməyə çalışır. Onun üçün Valentin günü bayram da olmaya bilər, onun üçün Valentin bəlkə də müqəddəs deyil. Souza sadəcə sevgilisini sevindirmək üçün bəhanə axtaran romantikdir. Bu romantikanın, sevginin nə ilə qurtaracağını A seriyasının sonu göstərəcək.