Diablo 1
Prodüsser
"CBC Sport" kanalının İnformasiya Xidməti departamentinin prodüsseri
Rəşad Quliyev

Sənə də inanmıram

12.03.2016 17:04:47
Sənə də inanmıram
1720 Baxış:
Son 10-15 gündə Azərbaycanda, elə ölkədən xaricdə də bayram ovqatı vardı. Yox, bu sevincin səbəbi hər hansı böyük uğurumuz, nə çərşənbələr, nə də 8 mart Qadınlar günüylə bağlı deyildi. Sadəcə futbolla maraqlanan insanlardan eşidilən səslər, yazılan yazılar "futbol xilas edildi, xoş gəldin İnfantino" tipində bir şey idi. Bəs görəsən bu xilaskar kimdir? Ən əsası o xilaskardırmı?

FİFA elə bir təşkilatdır ki, orada illərlə rəhbər olmaq adi hal sayılır. Burada dünya çempionatını təşkil etməklə ad qoyan Jül Rime kimi, uzun illər sözünü demiş Joao Avelanj kimi əfsanələr də çalışıb. Yozef Blatter dünya futbol qurumuna rəhbərlik edəndən sonra isə hər şey get-gedə pisləşdi. Son illərdə FİFA-nın hansı yaxşı işləri olub? Ağlıma ali futbol qurumunun özü qəbul etdiyi "qızıl qol" qaydasını ləğv etməsi, bir də spreydən başqa heç nə gəlmir. Bəlkə bu, 2002-də Yaponiya və Koreyadakı ədalətsizlik, 2010-da CAR-dakı vuvuzelanın səsindən, Rusiya və Qətərə dünya çempionatının verilməsi kimi "maraqlı" qərarlardan irəli gəlir? Bilmirəm. Əlbəttə, Yozef Blatterin işindən azad edilməsi düzgün qərardır. Elə şeyx Salmanın bu posta seçilməməsi də. Ancaq Canni İnfantino...

Axşam veteranlarla futbol matçı keçirmək, odlu-alovlu çıxışlar, videotəkrarın tətbiq edilməsi kimi fikirlər də məni ümidləndirmir. Niyə? Çünki o, qalmaqala görə işindən uzaqlaşdırılan Mişel Platininin rəhbərlik etdiyi UEFA-da baş katib olub. Son illərdə Avropa çempionatlarındakı hoqqaların sayı mundiallardakından az deyil. Klub futbolunun çöküşü də, Çempionlar Liqasında əvvəlki səviyyənin aşağı düşməsi də fransızın adı ilə bağlıdır. Deməyin ki, onun günahı yox idi. İlk baxışdan təkcə püşkatma mərasimində şar çıxarmaqla məşğul olan bu şəxsin vəzifəsi və səlahiyyətləri çox genişdir. Avropa futbolunun indiki vəziyyətinə baxın. İndi də bu şəxsin FİFA-nı (oxu dünya futbolunu) böhrandan çıxaracağını düşünün. Sizi bilmirəm, mən inanmıram. Təbii nə hüquqşünasam, nə də bu iki qurumun bütün işlərini əzbərdən bilən şəxs. Amma problemli UEFA-da illərlə işləmiş və dərdlərini çözə bilməmiş birinin böhran keçirən FİFA-nın xilaskarı olacağı... Gələcəyi görmək qabiliyyətim yoxdur, kim bilir bəlkə də dəyişdi, bəlkə təsadüfən də olsa düzəldi. Burda yadıma Səmra Goalassonun hazırladığı süjetdən bir söz düşdü – “Mən təsadüflərə inanmıram”.