Prodüsser
"CBC Sport" kanalının İnformasiya Xidməti departamentinin prodüsseri
Rəşad Quliyev

Sonuncu sərvət

03.03.2016 11:34:55
Sonuncu sərvət
1870 Baxış:
Onlar təmənnasız sevmişdilər. Yeganə istəkləri sevimlilərinin daim zirvədə olması, onları sevindirməsi idi. Amma indi “Xəzər Lənkəran” bunu bacarmır. Azarkeşlər hətta heç-heçəyə də sevinməyə başlayıblar. Vəziyyət elədir ki, Azərbaycan kubokunun ¼ finalında xeyli zəifləmiş “Neftçi” üzərində qələbə çoxları tərəfindən təəccüblə qarşılandı.

Acıdır, deyilmi? Halbuki hər şey yaxşı başlamışdı. Təxminən 12 ilə yaxındır yaranan klub dərhal Cənubda yaşayanların bir nömrəsinə çevrildi. Transferləri, ölkə daxilində, eləcə də Rusiyada keçirilən “Birlik kuboku”nda qazandığı uğurlar hamıya xoş ovqat yaşadırdı. Ölkə daxilində həqiqətən də ilk peşəkar klubun yaranacağına böyük ümidlər var idi. Güclü maliyyə dəstəyi ancaq bir şey tələb edirdi – düzgün qurulmuş siyasət! Klub strukturu qurulmalı və düzgün strategiya seçilməliydi.

Bu klub Azərbaycan çempionatına rəng qatmışdı. Özü qədər azarkeşləri möhtəşəm idi. Klubu orduya bənzətsək, bir sərkərdəsi, 24-25 atlısı, külli miqdarda piyadası vardı. Futbolu sevən, klubuyla yaşayan bir ordu. Lakin “Xəzər Lənkəran” yanlış siyasətin qurbanı oldu.
Qeyri-peşəkarlıq uşaq futbol məktəbindən tutmuş transferlərlə müqavilələrə qədər özünü göstərdi. Hələ tez-tez baş məşqçi dəyişikliklərini demirik. Bütün bunlar pulların xərclənməsi, daha düzü, dağıdılması ilə nəticələndi. 2011-2012-ci illər mövsümündən bəri komanda 6-cı pillədən yuxarı qalxa bilmirdi.

Bu il isə vəziyyət lap acınacaqlıdır. 9-cu pillədə gedən klubun dadına “Rəvan”ın hesabından 6 xal silinməsi çatır. Təsəvvür edin ki, Elbrus Məmmədov meydana buraxmağa təcrübəli futbolçu tapa bilmir. Gənclər kimdən öyrənsin, nə etsin? Xərclənən pulların hesabını soruşmağa adam da tapmırsan. Eyni tarixdə yaranan “Karvan”la “MKT Araz”dan sonra bu klubun da üstünü qara buludlar alıb.

Vaxtilə pula pul deməyən “Xəzər Lənkəran”ın indi ancaq bir sərvəti qalıb. O da sadiq azarkeşləridir. Onlar təmənnasız sevmişdilər, indi də təmənnasız sevirlər...