Redaktor
"CBC Sport"un İnformasiya Xidməti departamentinin redaktoru
Rasim Mövsümzadə

“Feyenoord”un uğursuzluğu

24.02.2016 18:17:20
“Feyenoord”un uğursuzluğu
1569 Baxış:
8-10-cu turlardan sonra Hollandiya çempionatında turnir cədvəlinə hansı komandaların başçılıq etdiyi yadınızdadırmı? Unutmusunuzsa, xatırladım: “Ayaks” və “Feyenoord”.

Artıq Erediviziyada 21 tur arxada qalıb, zirvədə “PSV Eyndhoven”dir. “Feyenoord”sa liderdən 14 xal geri düşüb. Bunun da səbəbi Rotterdam klubunun qış fasiləsindən sonra özünə gələ bilməməsidir: 4 matçda (özü də 3-ü evdə!) 4 məğlubiyyət. Ümumilikdə komandanın Erediviziyada məğlubiyyət seriyası 5 oyuna, qələbəsiz seriyası isə 6 oyuna çatıb.

“Feyenoord”un əsas qol silahlarının da, necə deyərlər, “ayağı quruyub”. 13 qolla Erediviziyanın bombardirləri siyahısında yer alan Dirk Küyt beş oyundur rəqib qapısına yol tapa bilmir, hesabında 10 qol olan Mixel Kramer isə son beş qarşılaşmada bir dəfə fərqlənib.

“Feyenoord”un oyunlarına baxdıqda, bir maraqlı məqam diqqəti çəkir. Rotterdam klubu rəqib qapısına yol tapmaqda çətinlik çəksə də, gözəl qollar vura bilir. “AZ Alkmaar”la qarşılaşmanı yada salaq. Yarımmüdafiəçi Tonni Vilyena uzaq məsafədən mükəmməl zərbəylə fərqlənir. Amma komandası səfərdə 2:4 hesabıyla uduzur.
“Heerenveen”lə oyundasa Mərakeş əsilli hücumçu Anass Axahbarın qayçı zərbəsi ilə qolu da əla alınıb. Amma nə fayda, “Feyenoord” ki, 1:2 hesabı ilə uduzub.

Bəlkə Kolin Kazımın ötən ay “Seltik”ə transferi komandaya mənfi təsir edib? Amma onun yoxluğu böyük itki sayıla bilməz axı. Bu mövsüm 11 oyunda cəmi 1 qol vurmuşdu.
Bəlkə hollandiyalı yarımmüdafiəçi Leks İmmersin “Kardiff Siti”yə gedişi? O da hazırkı mövsümdə cəmi 6 oyunda forma geyinmişdi.

Bəlkə də baş məşqçi Covanni van Bronkhorstun təcrübəsizliyi öz sözünü deyir. 40 yaşlı mütəxəssis əvvəllər yalnız köməkçi məşqçi kimi çalışıb və “Feyenoord”a bu mövsümdən rəhbərlik edir.

Görünür, “Feyenoord”un rəhbərliyi böhranın müvəqqəti və təsadüfi olduğunu düşünür. Və tezliklə hazırkı heyətlə uğursuzluğa son qoyulacağına inanır. Əks təqdirdə qış fasiləsində heyətdə ciddi dəyişiklik edərdilər. Rəhbərliyi də başa düşmək olar: komanda 21 oyundan 11-də qalib gəlibsə, hazırda 3-cü pillədə qərarlaşıbsa, deməli, heç də zəif deyil.

Üstəlik 2,5 milyon avroya “Tvente”dən alınan perulu mərkəz yarımmüdafiəçisi Renato Tapianın da gəlişi azarkeşləri ümidləndirib. Digər transfer isə “Helsinqborq”dan azad agent kimi keçən isveçli qapıçı Par Hanssondur.

Hər halda bu böhranın müvəqqəti və təsadüfi olub-olmadığı növbəti qarşılaşmalarda daha dəqiq bilinəcək. Qarşıdasa van Bronkhorst və komandasını liderliyi əldən vermiş “Ayaks”la səfərdə çətin oyun gözləyir. Bu həftəsonu “Feyenoord”un əsas məqsədi son 4 ildə qalib gələ bilmədiyi rəqibi məğlub etmək olacaq.
Yeri gəlmişkən, fevralın 7-də keçiriləcək “Ayaks” – “Feyenoord” oyunu CBC Sport-la canlı yayımlanacaq.