İslamiada: Boksçularımız 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazandılar

Boks 18.05.2017 22:04
İslamiada: Boksçularımız 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazandılar
753 Dəfə oxunub
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları başa çatıb.

Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Boks üzrə milli komandamızın aktivinə ilk qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yazdırıb. Həlledici görüşdə iraqlı Ammar Kərbəlayiyə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz həlledici görüşdə türkiyəli Burak Akşinə 3:2 hesabı ilə qalib gəlib.

Yığmamızın aktivinə üçüncü qızıl medalı Məhəmmədrəsul Məcidov yazdırıb. Yarışlarda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin finalında idmançımız suriyalı Manaf Asaadı 4:1 hesabı ilə məğlub edib.

69 kiloqram çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev gümüş medalla kifayətlənib. İdmançımız özbəkistanlı Bobo-Usman Baturov ilə görüşdən məğlub ayrılıb.

Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) isə finalda qazaxıstanlı Tursunbay Kulahmet ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı məğlub olaraq ikinci yeri tutub.

Boks komandamızın aktivinə üçüncü gümüş medalı Rauf Rəhimov (81 kq) yazdırıb. Qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gələn Rəhimov məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Azərbaycan boksçusu Tayfur Əliyev (56 kq) yarışları bürünc medalla başa çatdırıb.

Beləliklə, Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar.