"Bakının təşkilatçılığını təkrarlamaq çətin olacaq"

CBC Sport 10.01.2017 15:47
"Bakının təşkilatçılığını təkrarlamaq çətin olacaq"
450 Dəfə oxunub
Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsi prezidentinin səlahiyyətlərini icra edən Yanes Kosiyançiç Milli Olimpiya Komitəsinin inzibati binasında jurnalistlərlə görüşüb. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Ağacan Əbiyev də iştirak edib. Səfərinin məqsədini açıqlayan qonaq Azərbaycanın irimiqyaslı idman tədbirlərini ən yüksək səviyyədə təşkil etdiyini bildirib: “Biz Azərbaycanda böyük idman tədbirlərinin keçirildiyini görmüşük. Azərbaycan 2015-ci il 1-ci Avropa oyunlarını ən yüksək səviyyədə təşkil etdi. Bu tədbirlər əhalinin, xüsusən, gənc nəslin və könüllülərin yaxından iştirakı ilə keçirilib. Yarışlar üçün inşa olunan idman qurğuları isə ölkənin sağlam gələcəyi üçün böyük investisiya deməkdir”.

Qonaq Belarusun ev sahibliyi edəcəyi 2-ci Avropa Oyunlarının Bakıdakı kimi möhtəşəm olmasa da, yüksək səviyyədə keçiriləcəyini deyib. O, 2019-cu ildə Bakının təşkilatşılığı ilə gerçəkləşəcək və təxminən 4 min idmançının iştirakının nəzərdə tutulduğu Yeniyetmələrin Olimpiya Festivalının da yaddaqalan olacağına inandığını bildirib.

Jurnalistlərin suallarını cavablandıran Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə ilk olaraq ağırlıqqaldıran İntiqam Zairovla bağlı məsələdən danışıb: "“İntiqama gümüş medal vermək məsələsi gündəmdədi. Amma onun özünü də dopinq testdən keçirəcəklər. Belə başa düşürük ki, İntiqama “gümüş” verəcək, sonra dopinq tapıb əlindən alacaqlar. İstəyirik ki, bu məsələ tam dəqiqləşsin, sonra açıqlama verək. İntiqama bu medal veriləcəksə, bu, yarışda qazanılmış sayılmır. Kişi verdiyini geri almaz. Həmçinin Vitali Rəhimovdan da pulu geri almaq fikrimiz yoxdu”.

Çingiz Hüseynzadə indiyə qədər olduğu kimi, bundan sonra da ölkəmizdə keçiriləcək beynəlxalq yarışların dünya standartlarına uyğun təşkil ediləcəyinə əminliyini ifadə edib.