“Olimpiya qızılına görə 125 min dollar mükafat veririk”

CBC Sport 04.12.2018 16:46
“Olimpiya qızılına görə 125 min dollar mükafat veririk”
346 Dəfə oxunub
Məşhur sovet və Ukrayna idmançısı, şüvüllə tullanmada 1988 Seul olimpiadasının qalibi Sergey Bubka saytımıza müsahibə verib.

Bu gün 55-ci doğum gününü qeyd edən Bubka SSRİ-nin dağılmasından sonra Rusiyanı təmsil etməklə bağlı təklif alıb-almaması, hazırda Ukraynanın nəzarət etmədiyi və ona doğma olan Luqansk və heykəlinin qoyulduğu Donetsk barədə, həmçinin gələcəkdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə namizədliyini irəli sürüb-sürməyəcəyi və digər bu kimi bir az siyasi xarakter daşıyan mövzular haqqında danışmaq istəməsə də, idmanla bağlı suallarımızı, məmnuniyyətlə, cavablandırdı.

Müsahibəyə keçməzdən əvvəl xatırladaq ki, açıq arenalarda ardıcıl 6 dəfə, qapalı arenalarda isə 4 dəfə dünya çempionu olan Bubka dəfələrlə dünya rekordu müəyyənləşdirib, 1988 və 1991-ci illərdə dünyanın ən yaxşı yüngül atleti seçilib.

O, 1996 Atlanta olimpiadasında Ukraynanın bayraqdarı, 37 yaşında 2000 Sidney olimpiadasında iştirakçısı olub.

Hazırda Ukrayna Olimpiya Komitəsinin prezidenti, eyni zamanda, Beynəlxalq Yüngül Atletika Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin üzvü olan Bubka 2013-cü ildə BOK-un prezidenti vəzifəsinə namizəd olub.


- İlk olaraq, ölkəmizə səfərləriniz barədə danışaq. Sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?
- İmkan düşəndə həmişə, böyük məmnuniyyətlə, Bakıya gəlirəm. Həm gözəl və müasir şəhər, həm də onun əhalisi xoşuma gəlir. Orada çoxlu dostlarım var. Bakıya ən unudulmaz səfərim isə, əlbəttə ki, 2015-ci ildə I Avropa Oyunlarına təsadüf edir.
Təşkilatçılığın və yarışların keçirilməsinin yüksək səviyyəsini qeyd etməliyəm. Bakı bu səviyyəni çox yüksəyə qaldırıb. O səbəbdən 2019-cu ildə Minskə və bu yarışların növbəti ev sahiblərinə həmin səviyyəni qorumaq asan olmayacaq.
Bunu şəxsi söhbətimizdə, eyni zamanda, Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edən ölkə prezidenti İlham Əliyevə də bildirmişəm.

- Uşaqlıq illərinizə qayıdaq. Nə üçün atletikanın, bəlkə də, ən çətin növü olan şüvüllə tullanmanı seçdiniz?
- Yəqin ki, 10 yaşlı oğlanın ciddi dərkedilmiş seçimi barədə danışsam, təəccüblü olar. Bəli, şüvüllə tullanma bölməsinə yazılanda cəmi 10 yaşım vardı. Ona görə də seçimin, əsasən, xoşbəxt təsadüf nəticəsində baş verdiyini demək doğru olardı.
Belə təsadüf nəticəsində, məsələn, üzgüçü də ola bilərdim. Bir müddət qardaşımla birlikdə hovuza da getmişəm. Amma bu idman növünün nümayəndələri inciməsin – onların səbir və hövsələsinə böyük hörmətim var - orada mənə çox cansıxıcı gəldi.  
Yəqin ki, futbolçu olmaq şansım daha çox idi. Ona görə ki, 1972-ci ildə “Zarya” komandasının SSRİ çempionu olmasından sonra Luqansk, tam mənası ilə, futbolla yaşayırdı. Amma yüngül atletikaya gəldikdən sonra məndə idman növünü dəyişmək istəyi heç yaranmadı.
Şüvüllə tullanmaya isə məni qonşum Slava Malaxov aparmışdı. O məndən bir az böyük idi və məşqçi Vitali Petrova cəld və hərəkətli oğlana diqqət yetirməyi məsləhət görmüşdü. Vitali Afanasyeviç əvvəlcə məni götürmək istəmirdi, iki ildən sonra gəlməyimi tövsiyə etmişdi. Amma müəyyən testlərdən sonra məni saxlamaq qərarına gəldi.
Bəli, şüvüllə tullanma çətin növdür, amma uzun ağacın köməkliyilə şaquli xətt boyunca bir neçə metr hündürlüyə uçanda keçirdiyin hissləri heç nə ilə müqayisə etmək olmaz.

- Siz altı metrdən yüksəyə tullanan ilk insansınız. Uçmaq və bu hündürlükdən yerə düşmək necə hissdir?
- Əlbəttə, ilk növbədə, uçmaq hissi... Sanki quş kimi havada süzürsən. Qaçış prosesində bütün enerjini şüvülə ötürürsən, sonra isə o, enerjini sənə qaytarır – bu son dərəcə güclü katapultadır! Uçuşun özü saniyənin bir hissəsidir, amma onu unutmaq mümkün deyil.

- Şüvüllə tullanmanın əsas aləti olan şüvülün uzunluğu təxminən 5 metr olur. Maraqlıdır, bəs onun başqa hansı parametrlərini qeyd edə bilərsiniz?
- Şüvüllər parametrlərinə görə müxtəlif olur – sərtliyik, uzunluq və diametrlərinə görə fərqlənilərr. Diametr az olduqda şüvül də ağır olur, əksinə diametr böyük olduqda isə daha sərt olur. Bir sözlə, şüvülün sərtliyi elə olmalıdır ki, idmançının çəkisinə davam gətirə bilsin. Bu, funtla ölçülür, məsələn, 215-220 markalı şüvüllər 97-100 kq çəkisi olan idmançıya tab gətirə bilir.
Mənə gəlincə, adətən, yarışlara müxtəlif xüsusiyyətli və təbii ki, müxtəlif çəkili 5-6 şüvül götürürdüm. Konkret seçimi isə müəyyənləşdirilən hündürlükdən, havanın temperaturundan, küləyin gücündən və sairdən asılı olaraq yarış zamanı hər cəhddən əvvəl edirdim.

- Məşhur “Ну, погоди!” (4-cü buraxılış) cizgi serialında şüvüllə tullanmaqla bağlı məzəli hissə var. Yəqin ki, sizin də karyeranızda qəribə, gülməli, maraqlı hadisələr çox olub...
- Əlbəttə, uzunmüddətli idman karyeram ərzində qəribə və məzəli hadisələr az olmayıb. Onlardan çoxu alətlərin spesifikliyi və daşımanın xüsusiyyətlərilə bağlıdır – axı şüvülləri atletlər özləri aparıb gətirirlər. Yadımdadır, şüvülü trolleybusda aparırdıq: uşaqlardan biri içəri daxil olub cəld pəncərəni açdı, ikinci aləti salona dürtdü. Nəqliyyatın qısa müddətə dayanması ərzində bunları çatdırmaq lazım idi! Belə nə daşıdığımızla maraqlananda isə arada zarafatla cavab verirdik ki, içərisində böyük boa ilanı var.        
Bəzən isə vəziyyət heç də gülməli olmurdu. Bir dəfə yadımdadır, uzun uçuşdan sonra hava limanlarından birində örtüyü açanda donub qaldım – şüvülü hissələrə doğramışdılar! Görünür, təyyarəyə yükləyərkən onu yerləşdirməyin başqa yolunu tapa bilməmişdilər.

- 1984-1994-cü illərdə şüvüllə tullanmada 35 dünya rekordu müəyyənləşdirmisiniz və 1994-cü ildə imza atdığınız 6,14 m nəticə indiyədək açıq arenalarda ən yüksək göstəricidir. Deyirlər ki, daha əvvəl də bu hündürlüyə tullana bilərdiniz, amma bilərəkdən hündürlüyü hər dəfə bir santimetr qaldırırdınız ki, hər dəfə yeni rekorda imza atasınız, hər dəfə mükafat alasınız...  
- Yəqin ki, idman karyerama baxanda çoxları həmişə hər şeyin mənə rahat və asan başa gəldiyini, işlərin rahat getdiyini düşünə bilər. Amma hər santimetr illər, aylar, günlər və saatlarla hazırlığın, özünü bütünlüklə idmana həsr etməyin, çox şeydən imtina etməyin, çox şeyi qurban verməyin nəticəsidir. Bu çox ağır gündəlik iş və bacarığını daim təkmilləşdirməkdir. Bu, sərt qrafik, ciddi rejim, dietalar, məşqlər, zədələrdir...
Elə görünür ki, bir santimetrdir də, nə var ki... Amma axı yenə və yenidən təkcə o 1 sm deyil, əvvəlki 6 m-dən artıq hündürlüyə də tullanmaq lazım idi!
Hər dəfə - yeni gün və yeni şərtlər. Fiziki və emosional vəziyyət, hava, atmosfer, mübarizənin qızışması, rəqiblər – hər şeyin bir-birinə uyğun gəlməsi lazımdır. Ona görə də hər santimetr mənim üçün yeni çağırış, yeni mübarizə və motivasiya idi. Çoxsaylı tamaşaçılara görəsə yeni rekord – stadiona getmələri və idmanı sevmələri üçün vacib hadisə və şoudur.

- Siz 2005-ci ildən Ukrayna Milli Olimpiya Komitəsinin prezidentisiniz. Maraqlıdır, olimpiya oyunlarında qazanılan medala görə ukraynalı idmançılara nə qədər mükafat nəzərdə tutulub?
- Ukraynada MOK-a rəhbər seçiləndən sonra fəal idman karyeramda və beynəlxalq idman meneceri kimi qazandığım təcrübəni bu vəzifədə həyata keçirməyə başladım.
2013-cü ildə Ukrayna Olimpiya Komitəsi kreativ layihələri reallaşdırmasına görə dünyada ən yaxşılardan biri seçilib. Bu layihələrdən çoxunun digər ölkələrdə oxşarı yoxdur. Bu, “Olimpiya dərsi”, “Olimpiyaçı leylək balası”, həmçinin “Olimpiya kitabı” və “Olimpiya guşəsi” layihələri, “İdman ilinin qəhrəmanları”, “DoLikeOlympians”, “OlympicLab” və bir çox digər tədbirlərdir.
Təbii ki, maliyyə məsələlərində dövlətin rolu çox vacibdir və bizim idmançılar bu dəstəyi görürlər. Hökumət olimpiya medallarına görə kifayət qədər mükafat təyin edib – qızıl medala görə 125 min dollar, gümüşə görə 80 min, bürüncə görə də 55 min.
Amma, fikrimcə, bunlar mükafat deyil, kompensasiyadır. Qələbə yolunda hər günlük əməyə, axıdılan qan-tərə görə ödənilən kompensasiya.
Biz ölkə üçün medal qazanan hər qəhrəmanla fəxr edirik. Ona görə də Ukrayna MOK-da atletlərin həvəsləndirilməsi sistemi də mövcuddur: təkcə böyüklərin deyil, yeniyetmələr olimpiadalarının, olimpiya festivallarının və digər yarışların qalibləri və mükafatçıları üçün təqaüdlər nəzərdə tutulub.

- Vaxtilə Bakı 2016 və 2020 Yay Olimpiya oyunlarını keçirməyə ilkin namizəd olub. Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü kimi bizim şəhərin gələcəkdə olimpiadaya ev sahibliyi etmək perspektivlərini necə görürsünüz?
- Azərbaycan xalqı idmanı sevir, onun inkişafına xeyli güc və vəsait qoyur. Bu işlərin bariz nəticəsi ən yüksək səviyyədə yarışları qəbul edə biləcək əla arenalardır. O səbəbdən həm Bakıya, həm də ölkənizə məqsədlərinə çatmaq yolunda uğurlar arzulayıram. Bu hədəflərin reallaşması üçün gözəl şanslar var.

- Siz həm idman, həm siyasət, həm də bizneslə məşğul olmusunuz. Bu sahələrdən hansı daha çətindir?
- Bütün həyatım idmandır. O mənə çox şey verib və çox şey öyrədib. Ona görə də istənilən vəzifədə, istənilən sahədə idmana yüz qat ölçüdə minnətdarlığımı və ehtiramımı qaytarmağı özümə borc bilirəm.
Yeri gəlmişkən, Ukraynada MOK-a prezident seçildikdən sonra bütün siyasi fəaliyyətdən imtina etmişəm.

- Futbolu sevdiyinizi də eşitmişik. Hansı komandalara azarkeşlik edirsiniz?
- Luqanskda anadan olub, orada böyümüşəm. Şəhəri bütün SSRİ-yə məşhurlaşdıran “Zarya” komandasının çempion heyətini əzbər bilirdim. Sonra Donetskdə yaşamışam, o şəhərin komandası “Şaxtyor” həm Ukraynada, həm də beynəlxalq arenada böyük uğurlar qazanıb. İndi isə vaxtımın çoxunu Kiyevdə keçirirəm ki, bu şəhərin də futbol şöhrəti “Dinamo” komandası ilə bağlıdır. İmkan olanda mütləq stadiona gedirəm.
Əlbəttə ki, Ukrayna millisinə azarkeşlik edirəm. Bu komandaya dostum, futbol tarixinin ən yaxşı hücumçularından biri Andrey Şevçenko rəhbərlik edir. Andrey Nikolayeviç gənc və ambisiyalı yeni komanda qurur. Onların oyununu izləmək xoşdur. Şadam ki, azrkeşlər bu işin ilk nəticələrini artıq görürlər: bizim komanda Millətlər Liqasında öz qrupunda 1-ci yeri tutub. Ukrayna millisinə Avro-2020-nin seçmə mərhələsində də ürəkdən uğurlar arzulayıram.

- Hələ 1987-ci ildə sizin haqqınızda “Попытка в запасе” (“Ehtiyatda cəhd”) adlı kitab çıxıb. Amma sonralar haqqınızda kitab yazılması və ya özünüzün avtobioqrafik kitab yazmağınız barədə məlumata rast gəlməmişik...
- Bizim MOK Ukrayna Olimpiya Akademiyası ilə birlikdə ixtisaslaşdırılmış idman və olimpiya ədəbiyyatının ən böyük naşiridir. Uşaqlar üçün bukletlər və gündəliklərdən tutmuş çox tomlu ensiklopediyalar, dərs vəsaitləri və elmi monoqrafiyalar, həmçinin bioqrafik kitablar nəşr edirik.  
Bir çox nəşrlərin müəllif kollektivində yer alıram, həmçinin avtobioqrafik kitabların nəşrinin vacibliyini də anlayıram. Axı təcrübənin ötürülməsi və mübadiləsi də idmançıların əsas vəzifələrindən biridir.
Məsələn, bir neçə il əvvəl mənim “Uçuşda keçən həyat” (Жизнь в полете / Flying Bubka) adlı avtobioqrafik kitabım eyni vaxtda Ukrayna, ingilis, fransız, ispan, ərəb, Çin və rus dillərində nəşr edilib. Kitabın təqdimatı isə təkcə Ukraynada deyil, həm də xaricdə olub...

Rasim Mövsümzadə