Dünya çempionatına 7 gün qalır

Cüdo 13.09.2018 14:00
Dünya çempionatına 7 gün qalır
202 Dəfə oxunub
Məlum olduğu kimi, cüdo üzrə dünya çempionatı bu il ilk dəfə Azərbaycanda keçiriləcək.
Sentyabrın 20-də başlayacaq yarışa ayın 27-də yekun vurulacaq.

Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytının məlumatına görə, dünya çempionatında 5 qitənin 129 ölkəsindən 800 cüdoçu mübarizə aparacaq.

Turnirlə bağlı bəzi maraqlı məqamlar da diqqət çəkir. Məsələn, Qırğızıstan və Tacikistan hərəyə 9 kişi, Misir və Moldova hərəyə 7 kişi, Səudiyyə Ərəbistanı və İraq isə hərəyə 6 kişi idmançı ilə təmsil olunacaqlar, amma qadınların yarışında çıxış etməyəcəklər.

Cənubi Afrika, Danimarka, Vyetnam (hərəyə 2 idmançı), Norveç, Meksika, Çad və Baham adaları (hərəyə 1 idmançı) isə yalnız qadınların yarışında təmsil olunacaqlar.  

Həm kişilərdə, həm də qadınlarda mübarizə 7 çəki dərəcəsində keçiriləcək. Həmçinin həm kişilərdə, həm də qadınlarda komanda yarışları olacaq.

Xatırladaq ki, cüdo üzrə ilk dünya çempionatı 1956-cı ildə Tokioda olub, 1994-cü ildənsə həmçinin komanda yarışları keçirilir. Hazırkı dünya çempionatı sayca 54-cüdür.

Yaponiya cüdoçuları dünya çempionatlarında 145-i qızıl olmaqla, ümumilikdə 337 medala sahib olublar.