Dünya çempionatı start götürdü

Cüdo 20.09.2018 12:29
Dünya çempionatı start götürdü
526 Dəfə oxunub
Bu gün Bakıda cüdo üzrə dünya çempionatı start götürüb. Ölkəmizdə ilk dəfə təşkil olunan bu mötəbər yarış ayın 27-ə kimi davam edəcək. Xatırladaq ki, döyüşlər "CBC Sport"la canlı yayımlanır.

Həm kişilərdə, həm də qadınlarda mübarizə 7 çəki dərəcəsində keçiriləcək. Həmçinin həm kişilərdə, həm də qadınlarda komanda yarışları olacaq.

Xatırladaq ki, cüdo üzrə ilk dünya çempionatı 1956-cı ildə Tokioda olub, 1994-cü ildənsə həmçinin komanda yarışları keçirilir. Hazırkı dünya çempionatı sayca 54-cüdür.

Yaponiya cüdoçuları dünya çempionatlarında 145-i qızıl olmaqla, ümumilikdə 337 medala sahib olublar.

Azərbaycan cüdoçuları isə indiyədək kişilərin yarışlarında 1 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıblar (ümumilikdə 13 medalla 21-ci yer). Qadınların yarışlarında isə 3 bürünc medalımız var (37-ci yer).
Ümumilikdə 16 medalla dünyada 30-cuyuq.

Cüdoda yeganə dünya çempionumuz Elxan Məmmədovdur. O, 2013-cü ildə 100 kq çəki dərəcəsində qalib olub.

Xatırladaq ki, ötən il dünya çempionatı Macarıstanın Budapeşt şəhərində keçirilib, gələn ilsə judo mundialı Tokioda olacaq.