Elxan Məmmədov: "Premyer Liqada 8 komanda iştirak edəcək"

Futbol 08.05.2017 22:14
Elxan Məmmədov: "Premyer Liqada 8 komanda iştirak edəcək"
3773 Dəfə oxunub
AFFA-nın baş katibi Elxan Məmmədov İslamiadanın futbol yarışları çərçivəsində millimizin Kamerunla oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının verdiyi xəbərə görə, qurum rəsmi əvvəlcə oyun haqda fikirlərini bildirib:

"Çətin matç oldu. Digər görüşləri də izlədim. Müqayisə etsək, Kamerun fiziki və taktiki cəhətdən güclü komandadı. Millimiz yaxşı mübarizə apardı. Xüsusilə, ilk 20 dəqiqədə yaxşı çıxış etdik. Qol imkanlarımız olsa da, bundan yararlana bilmədik".  

O, yeni mövsümdən etibarən Premyer Liqada neçə klubun iştirak edəcəyi məsələsinə də toxunub: "Rəsmi olaraq, bir nəticə yoxdur. Lisenziyalaşdırmanı gözləyəcəyik. İcraiyyə Komitəsinin son iclasında qeyd olunmuşdur ki, 8 komanda olacaq. Təbii ki, arzumuz budur ki, 10 komanda iştirak eləsin. Amma tələblərə uyğun olanlar əsas çempionata buraxılacaqlar. Yenə deyirəm, arzumuz 10 olsa da, sənədlərə baxanda 8 komanda hazır görünür".

Məmmədov elitada oynamaq üçün edilən müraciətlərə baxılacağını söyləyib: "3 komanda müraciət edib. Onların adlarını hələlik məxfi saxlamalıyıq. Bəziləri müraciət kağızı göndəriblər. Sənədlər isə gəlməyib".

Baş katib fəaliyyətini dayandırdığını bəyan edən AZAL klubunun yaşayacağını qeyd edib: "AZAL yaşayacaq və I Divizionda çıxış edəcək. Komandanın öz imkanları var, aşağı dəstədə çıxış etmək onlar üçün problem olmayacaq".