invest

Qriqorçuk: "Nəticədən asılı olmayaraq, hücum futbolu oynamaq istəyirik"

Futbol 20.07.2017 11:19
Qriqorçuk: "Nəticədən asılı olmayaraq, hücum futbolu oynamaq istəyirik"
1162 Dəfə oxunub
Bu gün UEFA Avropa Liqasında "Yagelloniya" ilə qarşılaşacaq "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. O, stadionun əla vəziyyətdə olduğunu deyib: "Hər şey yüksək səviyyədədir. Dərhal görünür ki, arena peşəkarlar tərəfindən inşa olunub. Şanslar haqda danışanda həmişə deyirəm ki, bizim bir imkanımız varsa, bunun üçün mübarizə aparacağıq. Sabahkı görüşdə şansımızın birdən çox olduğunu düşünürəm".

Qriqorçuk uzun yol qət etmənin komandaya mane olmayacağı qənaətindədir: "Polşaya səfər haqda danışmaq əhəmiyyət kəsb etmir. Hər şey qaydasındadır. Bəli, biz uzun yol qət etmişik. Biz sabah oynamağa hazırıq. Ümid edirəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşqin köməyi ilə komandamız daha yaxşı vəziyyətə gəlib. Bunun nə qədər yaxşı olmasını isə sabahkı oyun göstərəcək. İstənilən halda meydana çıxacaq heyətdəki oyunçular ilk dəfə eyni vaxtda meydanda olacaq. Bir neçə variantımız var. Lakin onların heç birini indiyədək sınaqdan çıxarmamışıq. Ona görə də özümüz üçün də maraqlı olacaq".

Ukraynalı mütəxəssisin sözlərinə görə, ilk oyunun nəticəsi onları qol vurmağa məcbur edir: "Hesab başqa cür, məsələn 0:0 olsaydı da, biz hücuma, qol vurmağa köklənəcək və oyunumuzu buna uyğun quracaqdıq. Bizim istəyimiz ondan ibarətdir ki, hücum edək, qollar vuraq. Futbolu belə görürük. Nəticədən asılı olmayaraq, aqressiv, hücum futbolu oynamaq istəyirik. Bunun sabahkı oyunda evdəkindən daha yaxşı alınacağına ümid edirəm”.

Qeyd edək ki, "Yagelloniya" - "Qəbələ" görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.