Elxan Məmmədov: " Bizi çətin fiziki mübarizə gözləyir"

Futbol 01.09.2017 12:02
Elxan Məmmədov: " Bizi çətin fiziki mübarizə gözləyir"
868 Dəfə oxunub
AFFA-nın baş katibi Elxan Məmmədov millimizin Norveç yığması ilə səfərdə keçirəcəyi qrup matçından əvvəl son məşqi izləyib. Məşqin ardından baş katib jurnalistlərin suallarını cavablandırıb:

"Təbii ki, asan oyun olmayacaq. Matç çətin keçəcək. Onu deyə bilərəm ki, komandamız oyuna 3 xal üçün çıxacaq. Bura qələbə qazanmağa gəlmişik. Bakıdakı görüşdə çox yaxşı oyun sərgiləyərək, buna nail olmuşduq. Osloda da 3 xal qazanmaq istəyirik. Niyə də yox?! Norveç millisində də yeni baş məşqçi, yeni heyət formalaşıb. Onlar da oyuna xüsusi motivasiya ilə çıxacaqlar. Futbolçular özlərini Lars Lagerbekə göstərməyə çalışacaqlar. Buna baxmayaraq, komandamızın təcrübəsi, yaxşı heyəti var.

AFFA rəsmisi "Qarabağ"ın Çempionlar Liqasında qrupa vəsiqə qazanmasının milliyə də müsbət təsir edəcəyini deyib: "İstər "Qarabağ"ın, istərsə də digər klublarımızın hər il Avrokuboklarda oynaması millyə əlavə təcrübə qazandırır. Çempionlar Liqasının qrupunda oynamaq isə böyük təcrübə olacaq. Heyətə baxsaq görərik ki, 23 futbolçu da oyunlarda iştirak edir. Düzdür, 90 dəqiqə meydanda olmurlar, amma görüşlərə çıxırlar. Əsasən gənc oyunçulara üstünlük verilir. Bizi çətin fiziki mübarizə gözləyir. Bakıdakı oyunda qələbə qazanmağımız futbolçularımıza əlavə stimul verir. Nəzərə alsaq ki, əksər oyunçular "Qarabağ"ın heyətindəndir, bu da bizim üçün əlavə güc və motivasiyadır.

Elxan Məmmədov baş məşqçi Robert Prosineçkinin son vaxtlar həvəssiz işləməsi və yığmadan getmək istəməsi ilə bağlı gəzən söz-söhbətə də aydınlıq gətirib: "Prosineçkinin getmək istəməsi ilə bağlı ifadələri "Bursaspor"un nümayəndələri səsləndirmişdilər. Özü bu barədə nə bizə, nə də mətbuata bir söz deməmişdi. Əksinə, deyirdi ki, müqaviləsinin vaxtı bitənə qədər millidə işləyəcək. Prosineçki peşəkar məşqçidir və işinə də peşəkar yanaşır. Bəli, bu oyuna hazırlaşmaq üçün az vaxtımız vardı. Nəzərə almaq lazımdır ki, ölkə çempionatı başlayıb və bunu hazırlıq kimi də qeyd etmək olar. Oyunçuların əksəriyyəti bütün yay avrokuboklara hazırlaşıblar və bunun özü də bir hazırlıqdır. Məncə, milli komandanın fiziki baxımdan problemi olmamalıdır".

AFFA-nın baş katibi Prosineçkinin yığmamızdakı gələcək taleyi ilə bağlı sualı belə cavablandırıb: "Bu barədə söhbətimiz olmayıb. Müqavilə imzalananda qərara gəlmişdik ki, seçmə mərhələ bitdikdən sonra uzadılıb-uzadılmamasını müzakirə edəcəyik. Hazırda bu barədə danışmaq tezdir. Gəlin, 4 oyunu da keçirək, daha sonra əvvəlcə AFFA İcraiyyə Komitəsində, sonra isə məşqçinin özü ilə müzakirələr aparaq. Çünki onun planlarını da biz bilmirik".