Bisping Qastelium

Yakub Jezniçak: "Qarabağ"da aldığım maaş "Legiya"dakı ilə eynidir"

Futbol 12.09.2017 13:47
Yakub Jezniçak: "Qarabağ"da aldığım maaş "Legiya"dakı ilə eynidir"
2873 Dəfə oxunub
Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyununda səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına fikirlərini bölüşüb. Müsahibə zamanı maraqlı məqamlara toxunan futbolçu qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmalarına görə mükafat aldıqlarını deyib:

"Aldığım mükafat “Legiya”da olandan daha az idi. Puldan söhbət düşmüşkən, Polşada belə bir söz-söhbət var ki, guya bura pul üçün gəlmişəm. Ancaq aldığım maaş Varşavadakı ilə eynidir. Bu, sadəcə olaraq uzun müddətdən sonra mənim üçün yeni çağırış idi. Klubuma da minnətdaram ki, hələ 1 il müqaviləm qalmasına baxmayaraq, məni azad agent kimi buraxdı.

Geriyə baxanda görmək olar ki, düzgün qərar vermişəm. Əgər iki ay əvvəl kimsə Çempionlar Liqasına qayıdacağımı desəydi, buna inanmazdım. Qısa müddətdi burda olmağıma baxmayaraq, çox xoş xatirələrim var. Dostlarım dedilər ki, “Kopenhagen”lə oyundan sonra bütün Bakı səhərə qədər bunu qeyd edib. Komandamız Bakını təmsil etməsə də, hər kəsin bizi dəstəkləməsi əla duyğudur. Bir çox adam maşınları ilə küçələrə çıxıb qalibiyyəti coşğu ilə qeyd edirdi. Paytaxta dönəndə mən də fanatların sevincinə qoşuldum, hətta onlarla rəqs etdik".

Jezniçak prezident İlham Əliyevlə görüşdən də danışıb: "Maraqlıdı ki, prezident bizim hər birimizlə bağlı bir neçə maraqlı məqam dedi ki, hamımızı çox yaxşı tanıdığı bəlli oldu. Mənimlə danışarkən isə ölkəmizə son səfərini xatırladı. Sonradan isə oxudum ki, o, kluba xüsusi mükafat da verib. Bu da xoş jest idi".