Millətlər Liqasının formatı bəlli oldu

Futbol 21.09.2017 11:46
Millətlər Liqasının formatı bəlli oldu
1384 Dəfə oxunub
UEFA Millətlər Liqasın turnirin keçirilmə formatı və Avro-2020-yə vəsiqələrlə bağlı son qərarları təsdiqlənib.

UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, yarışda Avropanın 55 millisinin hamısı iştirak edəcək. 2017-ci il oktyabrın 11-də açıqlanacaq UEFA-nın yığmalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünəcək.

A və B liqalarında 12, C liqasında 15, D liqasında 16 komanda olacaq. A və B liqasının hərəsində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaqsa, D liqasında 4 komandalı dörd qrupa ayrılacaq.

Matçlar 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək.

Qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, sonuncu olanlar aşağı diviziona yuvarlanacaq.

Millətlər Liqasının qrup mərhələsinin püşkatma mərasimi gələn il yanvarın 24-ü olacaq.

Avro-2020-yə vəsiqələrlə bağlı da yekun qərar verilib. 13 ölkədə təşkil olunan yarışa meydan sahibi kimi qatılacaq yığma olmadığından 24 vəsiqənin hamısı mübarizədə bilinəcək. Bunlardan 20-ci seçmə mərhələdə məlum olacaq.

2019-cu ilin martında Avro-2020-nin seçmə oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. 5 qrupda 5, 5 qrupda 6 yığma çıxış edəcək. Hər qrupda ilk iki yerə sahib olanlar final mərhələsinə yüksələcək.

Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən AVRO-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək. Bir liqada yarımfinalda oynamaq üçün seçmə mərhələdən vəsiqə qazanan 4 komanda sayı düzəlməsə, digər liqada daha yüksək yer tutan yığma həmin matçlara qoşulacaq.

Qeyd edək ki, Millətlər Liqasında və Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək.