"Neftçi"nin vitse-prezidenti azarkeşləri stadiona səsləyir

Futbol 24.10.2017 13:09
"Neftçi"nin vitse-prezidenti azarkeşləri stadiona səsləyir
612 Dəfə oxunub
“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi saytına açıqlama verib. O, azarkeşləri "Sumqayıt"la keçiriləcək oyuna çağırıb:

"Kəpəz”lə oyun bizim üçün çox ağır keçdi. Yerli azarkeşlərin dəstəyindən ruhlanan meydan sahibləri komandamızaciddi müqavimət göstərdi. Bununla belə, "Neftçi”nin turnir hədəfləri baxımından çox vacib sayılan qələbə qazana bildik”.

E.Eyvazov “Neftçi”nin son 4 oyunu səfərdə keçirməsinə və bunlardan 3-də qalib gəlməsinə diqqət çəkib. O, komandanın azarkeş dəstəyinə ehtiyacı olduğunu söyləyib: “Komandamız təxminən 1,5 aylıq fasilədən sonra doğma arenaya qayıdacaq. Bildiyiniz kimi, son 4 oyunumuzu səfərdə keçirdik. Buna baxmayaraq, ardıcıl 3 oyunda qələbə qazanmışıq. "Sumqayıt”la matçda ələbələrin davamının gəlməsini istəyirik. Bunun üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var. Ölkənin ən köklü klubunun azarkeşləri nəticələrdən asılı olmayaraq, hər zaman sevimli komandasının yanında olub. "Sumqayıt”la qarşılaşmada isə daha böyük dəstəyə ehtiyacımız var. Oktyabrın 29-u bazar gününə təsadüf etdiyindən azarkeşlərimizin oyuna gəlməsi yolunda ciddi problem yaşanmamalıdırlar".

Klub rəsmisinin fikrincə, növbəti oyunda bütün ölkə möhtəşəm "Neftçi” azarkeşini görəcək. E.Eyvazov bunun üçün əllərindən gələn etməyə hazır olduqlarını söyləyib: "Futbolçularımız böyük azarkeş dəstəyi hiss edəndə istənilən rəqibi udmağa qadirdir. "Sumqayıt” son turda cari mövsümdə məğlub olmayan "Zirə”yə qalib gəldi. Ən azı bu məqam nə qədər çətin rəqiblə qarşılaşacağımızdan xəbər verir. Amma biz komandamıza və azarkeşlərimizə inanırıq. Artıq məzmunlu və baxımlı oyunumuz var. Son qələbələr futbolçuların psixoloji durumuna da müsbət təsir edir. Möhtəşəm azarkeşlərimizlə bütövləşib "Sumqayıt”la oyunda da qələbə seriyasına davam etmək istəyirik. Doğma divarlar arasında azarkeşlərlə bütövləşən "Neftçi” tam başqa - əsl "Neftçi”dir! Sonda bir daha dəyərli azarkeşlərimizə səslənirik: stadiona gəlin, "Neftçi”nin əsl gücünü, qüdrətini birlikdə göstərək”!

Qeyd edək ki, “Neftçi” - "Sumqayıt" görüşü oktyabrın 229-u keçiriləcək. Bakı klubu hazırda 10 xalla 5-ci pillədə qərarlaşıb.