Elxan Məmmədov: " 3-4 il əvvəl bu təyinat gerçəkləşsəydi, bəlkə də, tez olardı"

Futbol 03.11.2017 15:04
Elxan Məmmədov: " 3-4 il əvvəl bu təyinat gerçəkləşsəydi, bəlkə də, tez olardı"
889 Dəfə oxunub
AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. İcraiyyə Komitəsinin iclasından sonra keçirilən brifinqdə federasiya rəsmisi öncə Qurban Qurbanovun təyinatından danışıb: "Bütün futbol ictimaiyyəti bu təyinatı gözləyirdi, sürpriz olmadı. Müzakirələr zamanı Qurban müəllimdən etik cəhətdən otaqdan çıxmasını xahiş etdik. İcraiyyə Komitəsinin üzvləri öz fikirlərini sərbəst şəkildə bildirdilər. Daha sonra Qurban müəllimi otağa dəvət etdik və qərar elan olundu. Səsvermədə 100 faizlik nəticə əldə etdi. Bu çətin işdə ona uğurlar arzulayırıq. Uzunmüddətli layihə olacaq. 3 seçmə mərhələdə komandanın başında olacaq. Müqaviləsi dekabrda qüvvəyə minəcək. Paralel olaraq “Qarabağ”da da fəaliyyətini davam etdirəcək. Bu posta digər namizədlər də var id.
Amma onlar müzakirə olunmadı. Çünki biz ilk olaraq İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini eşitmək istəyirdik. Gördük ki, digər namizəd axtarmağa ehtiyac yoxdur".

Baş katib "Qurbanovun indi milıiyə gəlməsi bir qədər gec deyilmi" sualını belə cavablandırıb: "Robert Prosineçkinin təyinatından əvvəl də qeyd olunmuşdu ki, hələlik təcrübə qazanmaq daha yaxşıdır. Bugünkü gündən yaxşı təyinat müddəti ola bilməzdi. “Qarabağ” Madriddə “Atletiko” ilə heç-heçə etdikdən sonra heç kimdə şübhə qalmadı. Biz istəyirik ki, “Qarabağ” indiki nəticələrini də itirməsin. Baş məşqçidən soruşduq və bildirdi ki, buna müsbət baxır. Demokratik şəkildə müzakirə apardıq. Çünki iki yerdə işləmək yükünü o üzərinə götürür. Qurban müəllim bunu qəbul elədi. Əslində, sirr deyil ki, hazırda milli üzvlərinin 50 faizindən çoxu “Qarabağ”da oynayır. Üstəlik, Çempionlar Liqasında iştirak edirlər. Bu, sevindirici haldı. Çünki təcrübə toplayırlar. Bizim futbolumuzda bu çatışmırdı. Onlar güclə rəqiblərə qarşı oynayırlar. Mənim şəxsi fikrimdi ki, 3-4 il əvvəl bu təyinat gerçəkləşsəydi, bəlkə də, tez olardı. Çünki həmin vaxt baş məşqçi hələ təhsil alırdı. Son illərdə 2 PRO lisenziyalı kurslar keçirdik. Orda Qurban müəllim də iştirak etmişdi. İmtahanlardan sonra UEFA ilə müzakirə aparırıq. Əvvəl bunu deyə bilmirdim, indi isə açıqlaya bilərəm. Qurban müəllimlə birlikdə həmin kursda səhv etmirəmsə, 12 məşqçi oxuyurdu. Almaniyada təhsil sistemini yaradan şəxs mənə bildirdi ki, bu qrupdan 4 nəfər Azərbaycanı beynəlxalq səviyyədə təmsil edə bilər. Xüsusən də, Qurban müəllimi qeyd etdi. Vurğuladı ki, bu insan hər dərsdə yeni ideyalarla sual verdi. Baş katib olaraq mənim borcum idi ki, bu barədə AFFA rəhbərliyinə məruzə edim. Hazırda məncə, bu təyinat ən düzgün vaxtdı. Çünki Avropanın futbol ailəsi bu gün “Qarabağ”dan və Qurban Qurbanovdan danışır. Bakıdakı heç-heçə zamanı bəziləri bunu bəxtlə əlaqələndirmişdilər. Amma Madriddəki matç göstərdi ki, belə deyil.

"Əziyyəti o çəkəcək, yükü o daşıyacaq. Qurban müəllim elə insandı ki, nəsə çətinlik olsa, gəlib deyəcək. Təəssüf ki, bu gün çempionatımızda 16 komanda iştirak etmir, cəmi 8 komanda var. Bu isə maksimum 200 futbolçu deməkdi. Seçim çox azdır. Rövnəq müəllimin də qeyd etdiyi kimi, artıq baza komandamız olacaq. Bu da normal haldı. İrəlidə gedən ölkələrə baxanda görürük ki, əksər millilərin üzvləri bir klubda oynayırlar və uğurlu nəticə göstərirlər.

AFFA-nın baş katibi milliləşdirilən futbolçularla bağlı əsas söz sahibinin baş məşqçi olacağını deyib: "Türkiyə yığmasına düşməyən futbolçular indi də bizə müraciət edir. Təbii ki, adlarını çəkən deyiləm. Bu məsələ indiyə qədər ancaq baş məşqçinin tövsiyəsi ilə yerinə yetirilib. Hansısa baş məşqçi deyə bilməz ki, rəhbərlikdən kimsə ona hər hansı futbolçunu yığmaya dəvət etməyi istəyib. Ramil Şeydayevlə danışıq aparanda da baş məşqçinin münasibətini öyrəndik.

Elxan Məmmədov administrativ heyətdə ciddi dəyişikliklərin olmayacağını bildirib: "Hazırda millidə işləyən fizioterapevt “Qarabağ”da eyni vəzifəni daşıyır. AFFA-nın baş həkimi yığma ilə birlikdə işləyir. Bütün klublarla sıx əlaqədədi. Əsas odu ki, hər kəs işini peşəkar səviyyədə görsün, maneçilik törətməsin. AÇ-2020-yə vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuqsa, hamı bir-birinə dəstək olmalıdı. Baş məşqçi köməkçilərini özü seçəcək. Aşağı yaş qruplarına da təyinatlar Qurban müəllimin tövsiyəsi ilə olacaq. Lippertin müqaviləsi 2019-cu ildə bitir. Ona hamı idman direktoru kimi baxır. Amma funksiyasına təhsil sistemi də daxildi. 2019-cu ilə qədər PRO lisenziyası UEFA-nın nəzartindədi. Amma həmin vaxt bunu bizə təhvil verəcəklər. Biz öz məşqçilərimizi hazırlayırıq və bu da Lippertin vəzifələrindən biridi. PRO lisenziyasını Azərbaycana gətirməyə bizə Lippert kömək etdi. Qurban müəllim eyni sistemi bütün aşağı yaş qrupu yığmalarına da tətbiq etməlidi. İlin sonuna qədər onunla bütün məsələləri müzakirə edəcəyik. Qurban müəllimin gəlişindən sonra artıq tərcüməçiyə ehtiyac qalmayacaq. Buna baxmayaraq, çalışacağıq ki, AFFA-da qalsın, çünki, təcrübəli insandı. Demirəm ki, gələcəyin Mourinyosudu, ancaq təcrübəsi var. Adminstratorlar arasında Riad Rəfiyev də var. Bu barədə Qurban müəllimə məlumat verəcəyik və o öz fikrini bildirəcək. İdarə heyəti isə eyni qalacaq. Katiblik İcraiyyə Komitəsi tərəfindən təsdiqlənir və Rövnəq müəllim tərəfindən tövsiyə olunur. Baş katib katibliyini yığır və AFFA prezidenti başda olmaqla, İcraiyyə Komitəsinin üzvləri katibliyin işlərinə qarışıb, müvafiq qərar qəbul edə bilər".