Uğurun formulu: Lobanovski-“Dinamo Kiyev”- SSRİ, Qurban-“Qarabağ”-Azərbaycan?

Futbol 04.11.2017 20:05
Uğurun formulu: Lobanovski-“Dinamo Kiyev”- SSRİ, Qurban-“Qarabağ”-Azərbaycan?
1287 Dəfə oxunub
Azərbaycan millisinin baş məşqçisi təyin olunmaqla “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun böyük risk etdiyini və özünü oda atdığını, bununla millidə vəziyyətin dəyişməyəcəyini düşünənlər…

Yəqin ki, son illərdə millimizin əsasını məhz “Qarabağ”ın futbolçularının təşkil etdiyini unudursunuz. Rəqəmlərə baxın: 2015/16 mövsümündə Ağdam təmsilçisinin 8, 2016/17 mövsümündə 11 oyunçusu Azərbaycan komandasının formasını geyinib. Hazırkı mövsümdəsə iki dəfə millinin heyəti açıqlanıb və hər iki siyahıda “Qarabağ”ın 9 üzvü olub. Sentyabrda Osloda Norveçlə oyunda özü də onların hamısı (start heyətində olmasa da) meydana çıxıb.
Təbii ki, Qurbanın gəlişindən sonra millidə “Qarabağ”lıların sayı, az da olsa, arta bilər.

Ümumiyyətlə, milli komandaların bir klubun bazasında formalaşması təcrübəsi çox olub. 1986-cı il dünya çempionatında öz parlaq oyunu ilə rəğbət qazanmış SSRİ yığmasının heyətində Kiyev “Dinamo”sunun 12 futbolçusu çıxış edib, baş məşqçiləri də elə həm klubda, həm də yığmada işləyən Valeri Lobanovski olub. Ondan başqa, 1994 mundialında İspaniya millisində “Barselona”nın, Rusiyada isə “Spartak”ın 9 oyunçusu forma geyinib. Həmçinin 1978-ci ildə dünya 4-cüsü olan İtaliyanın da “Yuventus”un oyunçularından təşkil olunduğunu (9 nəfər) xatırlamaq olar.

Yaxın keçmişə nəzər salsaq, Yunanıstan millisi 2010-cu ilin dünya çempionatında “Panatinaikos”un bazasında (8 oyunçu) formalaşmışdı.
Yəni oyunçular baxımından Qurban üçün Azərbaycan millisi yad deyil. Sadəcə, baş məşqçi öz işini artırmış, öz üzərinə əlavə yük götürmüş olur.
Futbolçu kimi millidə 12 qol vurmaqla və avrokuboklarda ən çox oyun keçirən azərbaycanlı məşqçi olmaqla rekordçu olan Qurbandan millinin baş məşqçisi kimi də uğurlar gözləyirik!

Qarşıda Azərbaycan millisini Avro-2020-nin seçmə mərhələsi və UEFA Millətlər Liqası gözləyir. Bu ərəfədə komandamızın seçmə mərhələlərdə ən çox qələbəni DÇ-2018-də qazandığını (3 oyunda), ən az məğlubiyətə DÇ-2014-də düçar olduğunu (3 oyunda), ən çox qolu Avro-2012 və DÇ-2018-də vurduğunu (10 qol), öz qapısından ən az topu DÇ-2014-də buraxdığını (11 qol) və ən çox xala DÇ-2018-də imza atdığını (10 xal) da xatırladım…

RASİM MÖVSÜMZADƏ