Qurban Qurbanov: "Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər"

Futbol 21.11.2017 14:01
Qurban Qurbanov: "Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər"
729 Dəfə oxunub
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib. O, əvvəlcə "Çelsi" ilə oyun haqqında fikirlərini bildirib:

"Ağır oyuna çıxacağıq. Həm rəqib, həm də bizim üçün vacib matçdı. Bu il Bakıdakı sonuncu matça çıxacağıq. Rəqibin gücünü bilirik. Az səhv etməyə və düzgün mübarizə aparmağa çalışacağıq".

Qurbanov cəzalı olan Pedro Enrikenin yerinə kimi oynadacağını açıqlamayıb: "Daninin də oynayıb-oynamaması haqqında heç nə deyə bilmərəm. Bu gün, sabah vəziyyətinə baxacağıq. Ondan sonra qərar verəcəyik. İndidən bir söz deyə bilmərəm".

"Qrupda 3-cü yeri tutmaq fikri komandada təzyiq yaradırmı" sualını Ağdam klubunun çalışdırıcısı belə cavablandırıb: "Təzyiq həmişə olur. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Bu da normaldır. Amma rəqibi də düzgün qiymətləndirməliyik. "Çelsi" dünyanın ən güclü klublarından biridir. Konte də dünyada ən yaxşılardandır. "Çelsi" hər bir rəqibə ciddi yanaşır. Mən dəfələrlə demişəm ki, biz çox təcrübə toplamalıyıq.  Sabah “Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq. Onların nöqsanını görə bilməzsən. Hər davranışı düşünülmüşdü. Futbolçularımız rəqibi anbaan izləməlidilər. Bu onlar üçün ağır olacaq. Amma oyunçularıma güvənirəm. Rəqib fərqli sistemlərdə oynayır. İstərdim ki, sabah məğlub olsaq belə, azarkeşlər stadiondan razı getsinlər. İlk dəfədi ki, azarkeşlərimiz də böyük komandalar, böyük oyunlar görürlər".

"Qarabağ"ın baş məşqçisi İbrahim Şehiçlə də bağlı sualı cavablandırıb: "Görürəm ki, Şehiç haqda sual çox verilir. Amma biz bu barədə düşünmürük. Hər biri təcrübəli futbolçudu. Onda gərək bir məşqçi kimi məni də dəyişsinlər, köməkçim komandanı oyuna çıxarsın. Elə deyil. Biz oyundan-oyuna, gündən-günə, ildən-ilə daha yaxşı komanda olmağa çalışırıq. Allahın izni ilə bunu bacarırıq".