Qurban Qurbanov: “Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər"

Futbol 06.12.2017 10:18
Qurban Qurbanov: “Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər"
358 Dəfə oxunub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunda səfərdə “Roma”ya 0:1 hesabı ilə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb. Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirindəki çıxışını dəyərləndirən mütəxəssis futbolçuların sərgilədiyi oyundan razı qaldığını ifadə edib:

“Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər. Bəlkə də əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım.

Bizim kimi komandalarda əlimizdə nə qədər çox oyunçu olsa, variantlar da çox olur. Daha çox xal toplaya bilərdikmi, bunu deyə bilmərəm. Müdafiə xəttinin oyununa gəlincə, bir-iki epizodu çıxmaq şərtilə çox diqqətli oynadılar. Hər bir futbolçunun çıxışından razı qaldım. Xüsusilə də müdafiə xəttinin oyunundan. Sadəcə, hücum xəttində düşündüyümüz bəzi epizodlar alınmadı”.