Champions

Prezident: "Biz Olimpiya Stadionunu inşa edərkən fikirlər səslənirdi ki, bu qədər böyük arena bizə lazım deyil"

Futbol 18.12.2017 16:04
Prezident: "Biz Olimpiya Stadionunu inşa edərkən fikirlər səslənirdi ki, bu qədər böyük arena bizə lazım deyil"
593 Dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimində çıxış edib. Dövlətimizin başçısı "Qarabağ" klubunun Çempionlar Liqasındakı çıxışından da danışıb: "Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərmişlər. Bakıda keçirilmiş voleybol üzrə qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Onlar hətta medal qazanmağa da çox yaxın idilər. Yarımfinal görüşündə qələbəyə çox yaxın idilər. Ancaq hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da böyük nailiyyətdir. Əlbəttə ki, bizim futbolçularımız - hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etdi. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil etmişdir”.

“Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena, bəlkə də, bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, “Qarabağ” futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən Olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək”, - deyə, dövlət başçısı bildirib.