Qurban Qurbanov: "Nəticə mütləqdir"

Futbol 29.01.2018 22:02
Qurban Qurbanov: "Nəticə mütləqdir"
629 Dəfə oxunub
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Moldova ilə yoldaşlıq oyunundan əvvəl brifinq keçirib. Yığmamızın çalışdırıcısı bir çox məqamlara aydınlıq gətirib. O, əvvəlcə klubla yığmadakı işini müqayisə edib: "Fərq əlbəttə ki, var. Hamı anlayırki, bu, milli komandadı. Klubda demək olar ki, hər gün bir yerdə oluruq. Burda məsuliyyət daha böyükdü. Hamı kimi mən də bunu ilk gündən hiss etdim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi başa salmalıyam".

Qurbanov bütün yoxlama oyunlaında məğlub olan "Neftçi"nin futbolçularının psixoloji hazırlığı ilə bağlı sualı cavablandırıb: "Bu gün tam istədiyimiz oyunu tələb etmək düzgün olmaz. Hər klubun hazırlığı fərqlidir. Düşünürük ki, yoxlama oyunlarında nəticə elə də önəmli deyil. Amma bir şey də var ki, məğlubiyyətə baxmayaraq, məşqçi öz istədiyini oyunçulardan ala bildimi? İndi psixoloji vəziyyətdən çox oyunçuların fiziki yorğunluğu daha çox təsir edə bilər. Bəzi futbolçular var ki, ayın 25-i, 27-si 90 dəqiqə və hətta daha da artıq oynayıblar. Bu, məni daha çox narahat edir. Yorğun futbolçunun matça hazır olmaq ehtimalı azdır. Üstəlik zədələnmə riski yüksəkdir. Bütün oyunçuları tanıyırıq, güvənirik".

Yığmamızın baş məşqçisi Moldova ilə yoxlama oyununda nəticənin nə dərəcədə önəmli olması ilə də bağlı sualı cavablandırıb: "Nəticə mütləqdi, istərdik ki, uğurlu start verək, amma dediyim kimi bir oyun çox azdır, istərdik ki, iki oyun keçirək. Alınmadı. Buna görə də nəticəyə mütləq önəm verəcəyik. Amma əsasən, düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldovanın Cənubi Koreya ilə oyunun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmələridir. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir. Məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır".

Qurbanov millimizin klublardan biri ilə yoxlama oyunu keçirməsinin əlehinə olub: "Çox istərdim ki, oyunlarımız milli səviyyəsində olsun. Klublarla qarşılaşmağı istəmirəm. Bunun bizə faydalı olacağını da düşünmürəm".

Yığmamızın çalışdırıcısı müdafiənin mərkəzində oynayacaq futbolçulardan birinin Maksim Medvedev olacağını deyib.

Qurbanov "Sumqayıt"dan Amil Yunanov və Bəxtiyar Həsənalızanin milliyə niyə çağırmamasına da aydınlıq gətirib: "Bunun hər hansı xüsusi səbəbi yoxdu. Təkcə o iki oyunçu yox, bir neçə futbolçu da var ki, nəzərimizdədi. Amma bir az dərindən düşünsək və bir matç olduğunu nəzərə alsaq, hansısa futbolçunu  çağırıb oynatmadan geri qaytarmaq da olmaz. Hardasa 7-8 futbolçu var ki, daim nəzərimizdədi, narazılıq etmək lazım deyil. Bu gün 24 oyunçu çağırmışıqsa, o demək deyil ki, millinin heyəti bunlardan ibarətdi. Hər oyun qabağı, rəqibə uyğun komanda yığacağıq, birində hücumçu çox olacaq, digərində yarmmüdafiəçi və s".