Elxan Məmmədov: "Hər zaman çalışırıq ki, futzal yığmamızda azərbaycanlıların sayı çoxalsın"

Futbol 09.02.2018 14:17
Elxan Məmmədov: "Hər zaman çalışırıq ki, futzal yığmamızda azərbaycanlıların sayı çoxalsın"
393 Dəfə oxunub
AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. O, öncə futzal üzrə milli komandamızın Avropa çempionatındakı çıxışını dəyərləndirib:

"Maksimuma doğru gedə bilmədilər. Amma düşünürəm ki, Avropa çempionatının final mərhələsinə düşməyin özü böyük nəticədir. Portuqaliya yığmasının dünənki nəticəsini gördükdən sonra deyə bilərəm ki,1/4 finalda bəlkə də çempiona uduzmuşuq. Çünki Portuqaliya artıq finaldadır, İspaniyaya qarşı oynayacaq. Məncə, bu mərhələdə dayanmaq faciəvi bir şey deyil. Komandanın qarşısına əsas məqsəd qoyulmuşdu ki, çempionata vəsiqə qazansınlar, qazandılar. Sonrakı məqsəd qrupdan çıxmaq idi, bunun da öhdəsindən gəldilər. Minimum nəticəni göstərdilər. Portuqaliya isə güclü komandadır, artıq finalçıdır. Bu komandaya uduzmaq çox tənqid olunası hal deyil. Biz hər zaman çalışırıq ki, futzal yığmamızda azərbaycanlıların sayı çoxalsın. Son illərdə bir neçə gənc üzə çıxdı. Amma təbii ki, bu, kifayət deyil. Meydançada daha çox azərbaycanlı oyunçu olmalıdır. Görünür ki, braziliyalılar futzalda artıq hər yığmada təmsil olunurlar. Bu da ümumilikdə çox da müsbət hal deyil. Onların təcrübəsindən yararlanıb, yerliləri inkişaf etdirmək lazımdır.

Elxan Məmmədov futbol üzrə milli komandamızın martın 26-da Antalyada Makedoniya yığması ilə yoldaşılıq keçirməsi barədə də danışıb: "Əsas odur oyun səfərdə olsun. Çünki Millətlər Liqasında qısa zamanda səfərdə 3 oyun keçirəcəyik. Buna görə də, baş məşqçi matçın harada keçirilməsinin fərqi olmadığını bildirdi. Üstəlik, Makedoniya da Antalyaya gedəcək. Orda onların təlim-məşq toplanışı olacaq. Biz də fürsətdən istifadə edəcəyik. Bu, futbolçularımız üçün təcrübə olacaq.