Qurban Qurbanov: "Şeydayevin oyunu hələ alınmır"

Futbol 11.02.2018 10:45
Qurban Qurbanov: "Şeydayevin oyunu hələ alınmır"
898 Dəfə oxunub
Topaz Premyer Liqasında 15-ci tuta start verilib. Şənbə günü keçirilən hər iki oyun heç-heçə başa çatıb. "Zirə" - "Sumqayıt" matçı 1:1, "Qarabağ" - "Qəbələ" görüşü isə 0:0 hesabı ilə yekunlaşıb.

"Qəbələ" ilə oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov komandasından razı qaldığını söyləyib: "Maraqlı oyun alındı. Yaxşı oyun izlədik. Hər iki komanda maraqlı oyun sərgilədi. Komandamdan razı qaldım. Meydanda çox düşündülər. “Qəbələ”yə isə gələn matçlarda uğurlar arzulayıram. Bu oyunda sadəcə, qol çatışmadı. Oyunçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq".

Qurbanov millimizin hücumçusu Ramil Şeydayevin yenə də ehtiyatda qalmasına da aydınlıq gətirib:"Futbol elədir ki, ola bilsin, bir oyunçu bütün mövsümdə şans qazansın. Ramil öz üzərində çox çalışan oyunçudur. Bizim futbolçulardan öz tələblərimiz var. Bu gün oyunun gedişatı bunu tələb etdi. Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi futbolçular da var ki, onlara vaxt lazımdır. Təəssüf ki, hələ onda alınmır. Ona inamım böyükdür. Əsas odur, onda istək var."

"Qarabağ"ın baş məşqçisi köməkçilərindən olan Namiq Yusifovun işdən çıxarılmasına münasibət bildirib: " Bundan öncə də məşqçilər işdən çıxarılıb. Kimi tələblərimizə uyğun olmayıb, kimi isə başqa fikirdə olub. Namiq tələblərimizə uyğun olmadı. Bizim iş prinspilərimizdə bəzən bir məşqçi 3 saat yox, lazım olduqda 8 saat da işləməlidir. Buna görə, onunla yollarımızı ayırdıq. Bu, elə işdir ki, bu gün burdayıq, sabah burda olmaya bilərik".