Kim Kimdir? (İkinci Hissə)

Futbol 15.06.2018 16:10
Kim Kimdir? (İkinci Hissə)
456 Dəfə oxunub
Bu dəfə sizə D, E və F qrupları haqqında məlumat veririk.

D qrupu
ARGENTİNA
Bu qrupda mundial ərəfəsində hazırlıq oyunlarında, əsasən, uğursuz nəticələr göstərən komandalar yer alıb.
Heyətində Lionel Messi çıxış edirsə, deməli, mundialın əsas favoritlərindən birisən. Üstəlik ondan başqa, Argentina komandasının hücum xəttində Serxio Agüero (“Mançester Siti”) və “Yuventus”lu cütlük - Qonsalo İquain və Paolo Dibala (millidə keçirdiyi 12 oyunda hələ fərqlənə bilməsə də...) kimi futbolçular var.
Amma argentinalıların Messisiz necə oynadıqlarını bilmək üçün martda İspaniya (1:6) və ötən ilin noyabrında Nigeriya (2:4) ilə yoldaşlıq görüşlərinin nəticələrinə baxmaq kifayətdir.
2004-cü ildən bəri bir dəfə dünya çempionatında (DÇ-2014), 4 dəfə də Amerika kubokunda finalda uduzan Argentina millisi DÇ-2018-in ən yaşlı komandasıdır - orta yaşı 29,6.
Bu da mundialın gedişində 31 yaşı tamam olacaq Messinin əvvəlki 3 dünya çempionatındakı statistik göstəriciləri: 15 oyun və 5 qol...

İSLANDİYA
Rusiya mundialında 32 komandadan 20-nin əvvəlki dünya çempionatında – Braziliya-2014-də iştirak etməsi diqqət çəkir. DÇ-2018 həmçinin Avropadan İslandiya, Mərkəzi Amerikadansa Panamanın debütü ilə yadda qalacaq. Özü də İslandiya əhalisinin sayına görə (348580 nəfər) dünya çempionatlarına qatılan ən kiçik ölkədir.
Fransalı futbolçu Tyerri Anrinin məşhur sözləri var: “Mən ağılla deyil, ürəklə oynayıram. Mən düşünmürəm, hərəkət edirəm”. Bax, bu sözlər İslandiya millisinə də tam aiddir.
Düzdür, islandlar keçirdikləri son 4 yoldaşlıq görüşünün 3-də uduzublar, amma Avro-2016 (1/4 final) göstərdi ki, onlardan hər sürprizi gözləmək olar.

XORVATİYA
Xorvatiya millisi də bu il keçirdiyi 4 yoldaşlıq görüşünün 2-də qalib gəlib, 2-də də məğlub olub. Debüt etdiyi 1998 mundialında 3-cü yeri tutan xorvatlar bundan sonra iştirak etdikləri üç dünya çempionatında qrupdan çıxa bilməyiblər.
Bu dəfə də onların 1/8 finala çıxması asan olmayacaq. Baxmayaraq ki, heyətlərində “Real Madrid” (Luka Modriç, Mateo Kovaçiç), “Barselona” (İvan Rakitiç) və “Yuventus” (Mario Mandjukiç) kimi klubların futbolçuları var.

NİGERİYA
Nigeriya millisi bundan əvvəl qatıldığı 5 mundialdan üçündə 1/8 finala çıxsa da, komandanın son vaxtlardakı nəticələri ümidverici deyil.
2015 və 2017-ci illərin Afrika Millətlər kubokuna vəsiqə qazana bilməyən nigeriyalılar bu il keçirdikləri 6 yoxlama oyunundan 4-də məğlub olublar (o cümlədən “Atletiko Madrid”ə).
Rusiya mundialında ən gənc heyətə (orta yaş – 25,9) malik olan “Super qartallar”ın ən təcrübəli futbolçusu vaxtilə “Çelsi”də oynamış 31 yaşlı yarımmüdafiəçi Con Obi Mikel, komandanın əsas qol silahı isə ÇSKA-dakı çıxışı ilə tanınan hücumçu Ahmed Musadır. Bu həmin Musadır ki, Ramazan ayında vətənində borcuna görə həbs olunmuş 40 nəfərin pulunu ödəyərək onları azadlığa buraxdırıb.


E qrupu
BRAZİLİYA
İştirak etdiyi hər mundialın favoriti sayılan “pentakampeon”lar “eksakampeon” (6 qat çempion) olacaqlarmı? Sonuncu dəfə 2002-ci ildə Dünya kubokuna sahib çıxan Braziliya millisi ondan sonrakı iki çempionatda 1/4 finalda mübarizəni dayandırıb, öz evində keçirilən DÇ-2014-də isə 4-cü yeri tutub.
Komandanın Rusiya mundialı ərəfəsindəki nəticələri diqqət çəkir: bu il 4 oyun – 4 qələbə, o cümlədən almanlara – 1:0. Ümumiyyətlə, baş məşqçi Titenin rəhbərliyilə braziliyalılar 21 oyundan 17-də qalib gəlib, yalnız bir il əvvəl yoldaşlıq görüşündə argentinalılara məğlub olublar – 0:1.
Ciddi zədədən sonra yaşıl meydanlara qayıdan Neymarın ardıcıl iki oyunda fərqlənməsi də diqqət çəkir. Ümumiyyətlə, millidə vurduğu qolların sayına (55) görə Romarioya çatan 26 yaşlı forvard hazırda bu göstəricidə yalnız Ronaldo (62) və Peledən (77) geri qalır.
Bununla belə, “Fərdi olaraq bütün futbolçular yaxşı olsa da, biz hələ komanda deyilik və Neymar təklikdə bizə dünya çempionluğunu qazandıra bilməyəcək”, - deyən Pelenin həmişə proqnozlarının əksinin olduğu artıq hamıya bəllidir.

KOSTA RİKA
Oyunçularının orta yaşı 29,6 olan Kosta Rika millisi mundialın ən yaşlı iki komandasından biridir. Şübhəsiz, kosta rikalıların əsas ümidi Madrid “Real”ının 31 yaşlı qapıçısı Keylor Navasdır.
Komandanın son 10 oyundan 6-da məğlub olması isə gələcəyə nikbin baxmağa imkan vermir. Amma unutmayaq ki, Kosta Rika DÇ-2014-də sensasiyaya imza ataraq yarımfinala çıxmağa yaxın olmuşdu (1/4 finalda penaltilər seriyasında hollandlara uduzmuşdular).

İSVEÇRƏ
İsveçrə millisi isə 2016-cı ilin sentyabrından bəri 17 qarşılaşmada cəmi bir dəfə məğlub olub – portuqallara 0:2. Son üç mundialda iki dəfə 1/8 finala çıxan isveçrəlilər həmin nailiyyəti yüksəltməyə çalışacaqlar. Əsas qol ümidi “Stok Siti”də çıxış edən Cerdan Şakiri olan İsveçrə komanda oyunu ilə fərqlənir.

SERBİYA
Həm DÇ-2006, həm də DÇ-2010-da qrupda qalan Serbiya millisinin Rusiya mundialının seçmə turnirində İrlandiya, Uels və Avstriya kimi komandaları qabaqlaması gözlənilməz olmuşdu.
Mundial ərəfəsində 4 yoldaşlıq görüşü keçirən serblər onlardan 2-də qalib gəlib, 2-də isə uduzublar.
Serbiya komandasının “20 nömrəsi”nə xüsusi diqqət: Zinədin Zidanla müqayisə edilən “Latsio”nun 23 yaşlı hücumamüylli yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçə görə Madrid “Real”ının hətta 150 milyon avro ödəməyə hazır olduğu bildirilir.


F qrupu
ALMANİYA
Çempionluğu qazanmaq nə qədər çətindirsə, bu titulu qorumaq ondan da çətindir. DÇ-2014-ün qalibi olan Almaniya millisi italyanların 1938 və braziliyalıların 1962 mundialında bacardığını təkrarlamağa çalışacaq.
Rusiya mundialı ərəfəsində İsveçrənin iri maliyyə holdinqi UBS-in 18 analitiki də xüsusi hesablamalar vasitəsilə “Bundestim”in çempionluq şanslarının hamıdan çox – 24,0 % olması qənaətinə gəlib.
Almaniya millisinin son 6 yoldaşlıq görüşündə cəmi 1 qələbə qazanması faktına isə aldanmaq olmaz. Unutmayaq ki, “Futbol sadə oyundur, 22 nəfər 90 dəqiqə topun dalınca qaçır, yekunda isə almanlar qalib gəlir” (Qari Lineker).

MEKSİKA
Meksika millisi iştirak etdiyi son 6 mundialın hamısında qrup mərhələsini adlaması, amma 1/8 finalda ilişib qalması ilə diqqət çəkir.
Bu komanda ən yaxşı halda öz ölkəsində keçirilən 1970 və 1986 mundiallarında 1/4 finala çıxa bilib. Yeri gəlmişkən, Meksika millisinin yarımmüdafiəçisi Manuel Neqretenin 1986-cı ildə bolqarlarla oyunda qayçı zərbəsiylə vurduğu məşhur qolun, FIFA-nın aprel ayında facebookda keçirdiyi sorğuya əsasən, dünya çempionatları tarixinin ən yaxşı qolu seçilməsi də, yəqin ki, meksikalılara əlavə stimul verəcək.  
Rusiya mundialında ən yaşlı komandalardan biri (orta yaş – 29,4) olacaq Meksika millisinin 39 yaşlı müdafiəçisi Rafael Markes özünün 5-ci dünya çempionatına qatılacaq. Son 4 hazırlıq matçının yalnız birində qələbəyə sevinən komandanın əsas qol ümidi isə Çiçarito ləqəbli Xavyer Ernandesdir.

İSVEÇ
İsveçlilər DÇ-1994-də 3-cü yeri tutduqdan sonra keçirilən 5 mundialın yalnız ikisində iştirak edib və yalnız 1/8 finala çıxa biliblər (DÇ-2002, DÇ-2006). Son 4 yoxlama oyununda 2 məğlubiyyət və 2 heç-heçə ilə yadda qalsa da, unutmayaq ki, İsveç millisi italyanları Rusiya mundialına buraxmayan komandadır.
Yeri gəlmişkən, millidə sonuncu oyununu 2016-cı ildə keçirən və o vaxt beynəlxalq karyerasını bitirdiyini elan etmiş Zlatan İbrahimoviç mundial ərəfəsində “Dünya çempionatı mənsiz dünya çempionatı olmayacaq” və “Dünya çempionatına gedəcəyəm” deməklə azarkeşlərini yenidən İsveç komandasına mümkün qayıdışı ilə bağlı ümidləndirsə də, sonra 36 yaşlı forvardın dünya çempionatlarının sponsoru və FIFA-nın ortağı olan bir ödəmə sistemi şirkətinin elçisi kimi Rusiyaya yollanacağı bəlli olub.

CƏNUBİ KOREYA
Ardıcıl 9-cu mundialda çıxış edəcək Cənubi Koreya millisi yalnız DÇ-2002-də 4-cü yer tutub, DÇ-2010-da isə 1/8 finala çıxa bilib. Son 6 yoldaşlıq görüşünün yalnız birində qalib gələn koreyalıların indi həmin nailiyyətləri təkrarlayacağı inandırıcı görünmür.
Rekord sayda - 3 dəfə, o cümlədən 2017-ci ildə “Asiyanın ən yaxşı beynəlxalq oyunçusu” (yəni qitədən kənarda çıxış edən ən yaxşı oyunçu) adına layiq görülən Son Hun Min Cənubi Koreya komandasının əsas qol ümididir. 2015-ci ildən “Tottenhem”in şərəfini qoruyan 25 yaşlı forvardın karyerası ərzində iki dəfə Premyer Liqada ayın oyunçusu seçildiyini, həmçinin “Hamburq”un bütün dövrlər ərzində rəmzi 11-liyinə düşdüyünü də bildirək.

Rasim Mövsümzadə