Kim Kimdir? (Üçüncü Hissə)

Futbol 16.06.2018 14:12
Kim Kimdir? (Üçüncü Hissə)
412 Dəfə oxunub
Bu dəfə sizə G və H qrupları haqqında məlumat veririk.

G qrupu
BELÇİKA
1986-cı ildə 4-cü yeri tutan Belçika millisi DÇ-2014-də də ən yüksək nailiyyətini təkrarlamağa yaxın olsa da, yarımfinal ərəfəsində argentinalılara uduzmuşdu (0:1). Avro-2016-da da 1/4 finalda büdrəyən belçikalılar 2016-cı ilin sentyabrından bəri məğlubiyyət nə olduğunu bilmirlər və bu müddətdə 19 oyundan 14-də qələbə qazanıblar.
Rusiya mundialının gizli favoritlərindən hesab olunan Belçika komandasının 11 oyunçusu İngiltərə Premyer Liqasında çıxış edir ki, onlardan da qapıçı Tibo Kurtua (“Çelsi”), müdafiəçilər - 102 oyunla millinin formasını hamıdan çox geyinmiş Yan Vertongen (“Tottenhem”) və Vinsen Kompani (“Mançester Siti”), yarımmüdafiəçi Kevin De Bröyne (“Mançester Siti”) və hücumçular - 36 qolla millinin bütün dövrlər ərzində ən sərrast oyunçusu Romelu Lukaku (“Mançester Yunayted”) və Eden Hazarı (“Çelsi”) qeyd etmək mümkündür.

İNGİLTƏRƏ
Qrupun digər iştirakçılarından İngiltərə (orta yaş – 26,0) və Tunis (26,5) bu mundialın gənc, Panama (28,9) isə əksinə ən yaşlı komandalarından biridir.
Bir ildir uduzmayan İngiltərə millisi bu müddətdə keçirdiyi 10 oyundan 7-də qələbə qazanıb. DÇ-2014-də gözlənilmədən qrupda sonuncu yeri tutan ingilislər həmin uğursuzluğun təsadüf olduğunu Rusiyada sübut etməyə çalışacaqlar.
Xüsusilə İngiltərə millisinin Harri Keyn (“Tottenhem”), Rahim Sterlinq (“Mançester Siti”), Ceymi Vardi (“Lester”), Danni Uelbek (“Arsenal”) və Markus Reşforddan (“Mançester Yunayted”) ibarət hücum xətti çox vahiməli görünür.
Yeri gəlmişkən, 2018 mundialında klublar arasında ən çox futbolçu ilə təmsil olunacaq “Mançester Siti”nin 16 üzvündən dördü İngiltərə millisində çıxış edir: Sterlinqdən başqa, müdafiəçilər Kayl Uolker, Con Stons və Fabian Delf.

TUNİS
1998-2006-cı illərdə ardıcıl 3 mundiala qatıldıqdan sonra iki dünya çempionatını buraxan Tunis millisi heç vaxt qrup mərhələsini adlaya bilməyib. “Karfagen qartalları”nın bu uğursuzluğu Rusiya mundialında durduracaqları inandırıcı görünmür.
Düzdür, Tunis millisi son bir ildə keçirdiyi 10 oyunda yalnız bir dəfə məğlub olub, o da iyunun 9-da Krasnodarda ispanlara – 0:1.
Maraqlıdır ki, heyətində tanınmış futbolçu olmayan komandanın DÇ-2018-də oynamaq təklifini Almaniya millisinin üzvü Sami Xediranın “Auqsburq”da çıxış edən 24 yaşlı yarımmüdafiəçi qardaşı Rani Xedira qəbul etməyib.
Tunis komandası bu günlərdə həmçinin qapıçısı Muez Hassenin Portuqaliya və Türkiyə ilə yoldaşlıq görüşlərində gün batdıqdan sonra zədə simulyasiyası edərək oyundaşlarının iftar açmalarına şərait yaratması ilə gündəmə gəlmişdi.  

PANAMA
DÇ-2018-in iki debütantından biri (digəri - İslandiya) olan Panama millisindən heç kim böyük nəticələr gözləmir. Panamalılar öz qitələrində də ən yaxşı halda iki dəfə vitse-çempion olublar (2005, 2013). Son 7 yoxlama oyununda cəmi 1 qələbə qazanması və o cümlədən isveçrəlilərə 0:6 hesabı ilə uduzması da komandanın zəifliyindən xəbər verir.
Maraqlıdır ki, Panama millisinin 5 futbolçusu Avropada çıxış edir ki, onlar da “Dinamo Buxarest” (Rumıniya) və  “Dunayska Streda” (Slovakiya) klublarında, həmçinin “Gent” (Belçika) və “Deportivo La Korunya”nın (İspaniya) ikinci komandalarında forma geyinirlər.

H qrupu
POLŞA
Ötən əsrin 70-80-ci illərində qızıl dövrünü yaşayan Polşa millisi ondan sonra DÇ-2002 və DÇ-2006-da iştirak etmiş və qrupda qalmışdı.
Rusiya mundialı ərəfəsində isə komanda keçirdiyi 4 yoldaşlıq görüşündə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atıb.
Polşalıların əsas qol ümidi “Çelsi”, “Mançester Siti” və “Pari Sen-Jermen” kimi klubların hədəfində olan “Bavariya”nın 29 yaşlı forvardı Robert Levandovskidir. O, 16 qolla DÇ-2018-in seçmə mərhələsində Avropa zonasının bombardiri olub. Ümumiyyətlə, Levandovski 55 qolla Polşa millisinin bütün dövrlər ərzində ən məhsuldar oyunçusudur.  

SENEQAL
Seneqal millisi UEFA Çempionlar Liqasının finalçısı “Liverpul”un ulduzu Sadio Manenin komandasıdır. 26 yaşlı cinah oyunçusu 2016-cı ildə “Afrikanın ən yaxşı futbolçusu” sorğusunda 3-cü, ötən il isə 2-ci yeri tutub. O, həmçinin “Liverpul”da debüt etdiyi 2016/17 mövsümündə komandanın ən yaxşı futbolçusu seçilib.
Ondan başqa, Seneqal millisində “FourFourTwo” jurnalı tərəfindən dünyanın ən yaxşı müdafiəçilərindən biri hesab olunan “Napoli”li Kalidu Kulibali, həmçinin “Bursaspor”lu forvard Mussa Sounu da qeyd etmək mümkündür.
“Terenqa aslanları” bu il keçirdikləri 5 yoldşlıq görüşündən yalnız 1-də qələbə qazansalar da, məğlubiyyətlərinin sayı da 1-dir.
Bundan əvvəl yalnız 2002-ci ildə mundialda çıxış edən Seneqal millisi o vaxt sensasiyalı şəkildə 1/4 finala çıxmış və yalnız türk İlhan Mansızın “qızıl qol”u üzündən mübarizəni dayandırmışdı. Yeri gəlmişkən, həmin komandanın ulduzlarından biri El Haci Diuf liberiyalı Corc Veanın ölkəsində prezident seçilməsindən ruhlanaraq bu günlərdə siyasətlə məşğul olacağını açıqlayıb.

KOLUMBIYA
Ötən əsrin 90-cı illərində üç mundialda çıxış etmiş kolumbiyalı Karlos Valderramanın gur saç düzümü yadınızdadırmı? 56 yaşlı keçmiş futbolçu Kolumbiya millisinin dünya çempionu olacağı təqdirdə saçını dibindən qırxdıracağına söz verib.
Bu komanda DÇ-2014-də 1/4 finala çıxaraq tarixinin ən yüksək nailiyyətinə imza atmış, futbolçusu Xames Rodriges isə 6 qolla mundialın bombardiri olmuşdu.
Rusiya mundialında da Kolumbiya millisinə ümidlər böyükdür. Belə ki, komandanın heyətində “Arsenal” (qapıçı David Ospina), “Milan” (müdafiəçi Kristian Zapata), “Barselona” (müdafiəçi Yerri Mina), “Bavariya” (yarımmüdafiəçi Xames Rodriges), “Yuventus  (yarımmüdafiəçi Xuan Kuadrado), “Vilyareal” (hücumçu Karlos Bakka) və “Monako” (hücumçu Radamel Falkao) kimi klubların futbolçuları var.
Kolumbiyalıların bu il keçirdikləri 3 yoldaşlıq görüşündə 1 qələbə və 2 heç-heçəyə imza atdıqlarını da bildirək.

YAPONIYA
Yaponiya millisi mundiala iki ay qalmış baş məşqçi vəzifəsində dəyişiklik etməklə - komandanı final turnirinə çıxaran Vahid Halilhodjiçi göndərməklə gündəmə gəlmişdi.  
Bu il keçirdikləri 5 yoldaşlıq görüşünün 3-də uduzan yaponlar yalnız mundialın startına iki gün qalmış paraqvaylılarla hazırlıq matçında qələbəyə seviniblər – 4:2.
Komandanın əsas qol ümidi “Lester”də çıxış edən 32 yaşlı hücumçu Sindzi Okadzakidir. Ondan başqa, təcrübə baxımından vaxtilə “Milan”da çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi Keysuke Honda və Dortmund “Borussiya”sının 29 yaşlı yarımmüdafiəçisi Sindzi Kaqavanı da fərqləndirmək mümkündür.
1998-ci ildən mütəmadi dünya çempionatlarına qatılan və 5 mundialdan ikisində 1/8 finala çıxa bilən yaponların bu dəfə də qrupda qalacaqlarını proqnozlaşdırmaq olar.
Yeri gəlmişkən, əfsanəvi Arsen Vengerin yeni mövsümdə mümkün iş yeri kimi Yaponiya millisinin də adı çəkilir.  

Rasim Mövsümzadə