Giovanni Simeone: “Qol bütün bədənimi coşdurur”

Futbol 14.09.2018 13:02
Giovanni Simeone: “Qol bütün bədənimi coşdurur”
440 Dəfə oxunub
Bu ay Argentinanın əsas millisində debüt edən Giovanni Simeone elə ilk oyununda qol vurub.
Artıq ikinci mövsümdür, “Fiorentina”nın əsas qol ümidi olan 23 yaşlı forvard “Atletico Madrid”in baş məşqçisi Diego Simeonenin oğludur.
Fransanın “So Foot” nəşri oğul Simeonedən müsahibə alıb.

- Salam, Giovanni. Sən “Fiorentina”da ötən mövsüm 14 qol vurdun və təbii ki, indi böyük klubların arzuladığı oyunçusan. Getmək kimi bir istəyin olmayıb ki?
- Səmimi deyirəm, heç olmayıb. 23 yaşım var, hələ gəncəm, lakin hədəfləri müəyyənləşdirmək lazımdır. Futbolda öyrəniləsi çox şey var və bunlar həlledici məqamlardır. Florensiyada özümü rahat hiss edirəm. Siz ayaqqabılarınızda özünüzü rahat hiss etdiyiniz zaman potensialınızı daha yaxşı reallaşdıra bilirsiniz. Florensiyada cəmi bir il qalmaq düşündüyüm məqsəd deyil. Hədəfim burada beş mövsüm oynamaqdır. “Fiorentina” gələcəyi düşünür və burada Chiesa, Veretout, Benassi kimi futbolçular var. Biz birlikdə ümumi bir layihə reallaşdıra bilərik ki, bu da bizim fərdi hədəflərimizdən üstün ola bilər.

- Cenoadaki bir mövsümdən sonra nəyə görə Florensiyanı seçdin?
- Əvvəlcədən Florensiya mənə maraqlı gəlirdi, çünki bu, İtaliyanını tanımadığım nadir şəhərlərindən biri idi. Milan, Roma... Bu şəhərləri atamın karyerası sayəsində kifayət qədər gəzmişdim. Burada həyatın ritmi çox gözəldir. Xoşbəxt olmaq üçün burada hər şey var. Həmçinin idman baxımından çağırış çox həyəcanverici idi.

- Burada sən klubun A seriyasında bombardiri olan Gabriel Batistuta kimi argentinalı hücumçunun izi ilə gedirsən.
- Batistuta Florensiyada inanılmaz bir idoldur. Yerli əhali ona böyük hörmət edir və mənim üçün argentinalının klubun ən sərrast oyunçusu olduğunu bilmək bir şərəfdir. 9 nömrəli forma ilə onun yolunu davam etdirmək imkanı çox vacib bir şeydir. Bu məsuliyyətdir, mən bunu bilirəm. Hər oyunda bu formaya layiq olduğumu sübüt etməliyəm. Mən onun kimi oynamaq istəmirəm, amma onun səviyyəsinə çatmaq istərdim. Mən Batiqolun “Fio”da vurduğu qollar qədər qol vura bilsəm, hesab edərəm ki, hədəfimə nail olmuşam.

- Sən onunla görüşmüsənmi?
- Bəli, keçən il stadionda. Biz bəzi məsələləri müzakirə etdik, xüsusilə də İtaliya futboluna inteqrasiyanı. Öz dövründə o da Avropa karyerasına başlayanda həyəcanlı idi. Gənc və evindən uzaq olanda ayaqda durmaq çətin olur. Amma rahatlığını işində tapdı və qarşılığnı da gördü. Sonra o mənə bildirdi ki, onun söhbət etdiyi bütün insanlar məni yüksək dəyərlədirirlər və mən nə qədər çox qol vursam, bir o qədər də insanlar tərəfindən seviləcəyəm. Həmçinin atam barədə da danışdıq. Batistuta hər dəfə milliyə çağrılanda onun otaq yoldaşı olub, onlar birlikdə yemək yeyiblər, bir otaqda yaşayıblar.

- Atan barədə danışaq. Diego Simeonenin oğlu kimi futbolçu olmaq çətindirmi?
- İlk başda, bəli. Mən “River Plate”in futbol məktəbində olarkən uyğunlaşmam pis keçdi. Digər gənc futbolçular məni kollektivdən kənar biri kimi qəbul edirdilər. Onlar deyirdilər ki, komandada oynamağımın səbəbi “kiminsə oğlu” və daha çox pulu olan oğlan olmağım, həmçinin Tiqredə zənginlərlə yaşamağımdır. Ətrafımda çoxlu paxıllıq hiss edirdim. Mən elə bir mühitdə böyümüşəm ki, digərləri mənə hörmət etməyib, mənimlə ünsiyyətdən çəkiniblər və ya sadəcə şəxsi maraqları üçün söhbət ediblər.

- “River Plate”in əsas komandasına qəbul ediləndə bəs nə hiss etdin?
- Gənclər komandasından gəlib əsas komandaya düşmək unikal bir sensasiya idi. Bir dəfə kluba necə bir insan olduğumu göstərdikdən sonra həyatımda yaxşı hadisələr seriyası başlandı: dostluqlar, futbolda taktiki biliklər, məktəb dövrünün başa çatması... 13 yaşımdan 19 yaşıma kimi məktəbdəki nəticələrimlə qürur duyurdum. Attestatımı aldıqdan sonra futbol karyeram üçün tam hazır idim.

- Yenə də təsəvvür edə bilərik ki, atan sənə bir nümunə idi, xüsusilə də karyeranın başlanğıcında.
- Bəli. Atam həvəsli və ambisiyalı biridir. O, həyatda hər şeydən ilham alır və o, əhatə olunduğu hər şeydən maksimum istifadə etməyə çalışır. Atam həmişə mükəmmələ doğru getməyə çalışır. Beləliklə, əlbəttə, o, bir nümunə modelidir. Bundan başqa, onun milli komanda səviyyəsinə yüksəlməsi də mənim özgüvənimin artmasına səbəb olub, belə ki, mən öz-özümə deyirdim ki, mən peşəkar futbolçu olmaq xüsusiyyətlərinə malikəm. Onun bütün oyunlarını televiziyada izləmişəm, bəzi oyunlara babamla stadionda tamaşa etmişəm.

- Atan yarımmüdafiəçi olub. Sən hücumçusan. Niyə bu mövqeyi seçmisən?
- Uşaqlığımdan bəri qol vurmaq futbolda bildiyim ən əyləncəli şeydir. Qapıya zərbə endirmək bir maniya, bir asılılıq idi. Gənclər kateqoriyasında qapılar qolkiperlər üçün bəzən həddindən böyük olur. Çox güclü diaqonal zərbələr endirdiyimə görə heç kim mənim zərbələrimi dəf edə bilmirdi (gülür). Karyeramın əvvələrində cinah hücumçusu kimi oynayırdım. 13 yaşımda isə məşqçi mənə mərkəzə doğru yönlənməyi məsləhət gördü, çünki həm başla, həm də ayaqla yaxşı oynayırdım.

- Qol vurduğun zaman nə hiss edirsən?
- Bu, xüsusi bir hissdir. Daxildə sanki bir hirs, quduzluq hissi keçirirəm. Atamın “Atletico”nun qollarına meydançanın kənarında necə sevindiyini görmüsünüz? Mən də eynisini meydanda edirəm: bütün daxili emosiyalarımı çıxarıb tökürəm. Bu fanatların qışqıraraq emosiyalarını göstərməklərinə bənzəyir. Əslində tamaşaçılara inanılmaz bir istəklə oynadığımı göstərməyi sevirəm. Hesab neçə olursa olsun məmnunluq hiss edirəm. Qol bütün bədənimi cuşa gətirir.

- Bəs ilham aldığın hücumçular kimlərdir?
- Falcaonu çox sevirəm. O, cərimə meydançasında sanki vəhşi yırtıcı bir heyvandır. Falcao “River”də oynayanda atam onu çalışdırıb. Onlar çox vaxt futboldan danışırdılar, sonra Falcao meydanda, sanki, savaşa gedib həlak olurdu. Diego Costanı da çox bəyənirəm. Madriddə onunla danışmaq imkanım olub. O bir şeyi izah edib və mən də bunu prinsip kimi qəbul edirəm: “Özünə inamın olmadıqda, bütün fikrini topun üzərinə yönləndirməlisən. Və ona toxunduğun anda fikrini cəmləşdir və özünü inandır ki, topu qapıya göndərəcəksən”.


Tərcümə etdi: Vüsal Cəfərov