“Qarabağ” tanınmış komanda olmasa da, “Sporting”i çətin oyun gözləyir”

Futbol 19.09.2018 12:12
“Qarabağ” tanınmış komanda olmasa da, “Sporting”i çətin oyun gözləyir”
1098 Dəfə oxunub
Sabah Avropa Liqası 2018/19 mövsümünün qrup mərhələsi start götürür.
E qrupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” ilk turda Portuqaliyada yerli “Sporting”in qonağı olacaq.

1983-1989-cu illərdə “Sporting”in formasını geyinən António Morato “Qarabağ”la oyunun keçmiş komandası üçün asan keçməyəcəyini vurğulayıb.

Vaxtilə mərkəz müdafiəçisi kimi Portuqaliya millisində 6 oyun keçirən 53 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ” o qədər də tanınmış komanda olmasa da, “ağ-yaşıllar”ı çətin oyun gözləyir.

“Bola Branca”ya müsahibə verən António Morato hesab edir ki, José Peseironun yetirmələri rahat oynamaq üçün matçın əvvəlində qol vurmağa çalışmalıdırlar. Onun fikrincə, ümumiyyətlə, hədəfə çatmaq üçün futbolçularda sabitlik olmalıdır.

“Sporting”in keçmiş kapitanı bu yay 13 illik fasilədən sonra komandanın baş məşqçisi vəzifəsinə qayıdan Peseironun bacarığına güvəndiyini də dilə gətirib. Xatırladaq ki, 58 yaşlı mütəxəssisin rəhbərliyilə Lissabon klubu 2005-ci ildə UEFA kubokunun finalçısı olub.