Ötən həftəsonu milli çempionatlarda: maraqlı məqamlar

Futbol 08.10.2018 10:59
Ötən həftəsonu milli çempionatlarda: maraqlı məqamlar
285 Dəfə oxunub
“Valencia” ilə heç-heçə edən (1:1) “Barcelona” İspaniya çempionatında qələbəsiz seriyasını 4 oyuna çatdırıb.
Bundan əvvəl Kataloniya təmsilçisi “Ath Bilbao”dan bir xal alıb (1:1), “Leganes”ə uduzub (1:2) və “Girona”nın müqavimətini qıra bilməmişdi (2:2).
Sonuncu dəfə belə hadisə iki il yarım əvvəl qeydə alınıb.
2016-cı ilin mart-aprelində “Barca” “Villarreal”la heç-heçə edib (2:2), sonrasa “Real Madrid” (1:2), “Real Sociedad” (0:1) və “Valencia”ya (1:2) məğlub olmuşdu.
Hazırda “Barcelona” 8 turdan sonra 15 xalla La Liqada 2-ci pillədə qərarlaşıb.

***

1931-ci ilin martından sonra ilk dəfə La Liqada səfərdə “Alaves”ə uduzan (0:1) “Real Madrid”in bütün turnirlərdə qolsuz seriyası 4 oyuna çatıb.
Belə uğursuzluq 1985-ci ilin aprelindən sonra ilk dəfə yaşanıb.
O vaxt Madrid klubu ardıcıl 5 matçda qol vurmamışdı ki, bu da klubun ən uğursuz göstəricisidir.
Komandanın baş məşqçisi Amancio isə onda dərhal istefaya göndərilmişdi.
Hazırda “Real” 8 oyundan 14 xalla 4-cü yerdədir.

***

“Lyon”la oyunda (5:0) 4 qol vuran Kylian Mbappé “Paris SG” klubunun Liqa 1-də poker edən 7-ci futbolçusu olub.
Ondan əvvəl bu, Carlos Bianchi (1977), Patrice Loko (1997), Christian (2000), Zlatan Ibrahimovic (2016), Edinson Cavani (2016) və Neymara (2018) müyəssər olub.
Amma Mbappé onların arasında ən gəncidir – 19 yaş və 9 ay.
Özü də dörd qol 13 dəqiqəyə vurulub ki, by da son 45 ildə Liqa 1-də ən tez pokerdir.
9 turdan sonra “Paris SG” 27 xalla Fransa çempionatında liderdir və ən yaxın izləyicisini 8 xal qabaqlayır.

***

Rəqib meydanında “Fulham”ə böyük hesabla qalib gələn (5:1) “Arsenal” üç il yarımlıq fasilədən sonra bütün turnirlərdə ardıcıl 9-cu qələbəsini qazanıb.
2015-ci ilin mart-aprelində də London klubu üst-üstə 9 qarşılaşmada qələbəyə sevinmiş və o mövsüm Premyer Liqada 3-cü yeri tutaraq İngiltərə kubokunu qazanmışdı.
Hazırda isə 8 turdan sonra “Arsenal” Premyer Liqada 18 xalla 4-cü pillədə qərarlaşıb.