Komandalarımızın qış hazırlıqları

Futbol 07.01.2019 17:15
Komandalarımızın qış hazırlıqları
307 Dəfə oxunub
NEFTÇİ
Premyer Liqanın lideri “Neftçi” yanvarın 6-dan Bakıda bir həftəlik hazırlığa start verib. “Ağ-qaralar” toplanışın ikinci hissəsini Türkiyədə keçirəcəklər.
13-27 yanvar tarixlərində Antalyanın Manavqat bölgəsində məskunlaşacaq “Neftçi”nin Türkiyədə qarşılaşacağı komandalardan ikisi bəllidir. Təmsilçimiz yanvarın 18-də “Qaz Metan” (Rumıniya) və 23-də “Slovan” (Çexiya) ilə qüvvəsini sınayacaq.
“Neftçi”nin yanvarın 26-da sonuncu yoxlama oyunu keçirəcəyi planlaşdırılır.

QARABAĞ
Ölkə çempionu "Qarabağ" yanvarın 6-dan Antalyada hazırlıqlara start verib.
Ötən ili zədə səbəbindən erkən başa vuran hücumçu İnnosent Emeqara da komandaya qoşulub və məşqdə iştirak edib. Əvəzedici heyətin bir neçə futbolçusu da əsas komanda ilə birlikdə məşq toplanışında iştirak edir.
Türkiyə toplanışı 21 gün davam edəcək və “Qarabağ” bu müddətdə bir sıra yoxlama oyunlarında qüvvəsini yoxlayacaq.
Azərbaycan çempionu yanvarın 12-də Rumıniyanın “Botoşani”, 16-da Özbəkistanın “Paxtakor”, 19-da Çexiyanın “Bohemians”, 23-də Polşanın “Piast” və 26-da Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.
Yanvarın 27-də isə “Qarabağ” Bakıya dönərək fevralın 3-də baş tutacaq “Neftçi” ilə matçın hazırlıqlarını davam etdirəcək.

SƏBAİL
"Səbail" qış hazırlığına start verib. Paytaxt təmsilçisinin müdafiəçisi Eltun Yaublu uzun müddətdən sonra məşqlərə başlayıb.
"Səbail" məşq toplanışınin ikinci mərhələsi üçün yanvarın 12-də Antalyaya gedəcək. Yanvarın 25-ə qədər olacaq hazırlıq prosesində komandanın 3 yoxlama görüşündə qüvvəsini sınaması planlaşdırılıb.
Rəqiblər yanvarın 15-də Macarıstanın I divizion təmsilçisi “Akvital”, 21-də Qazaxıstan “Kaysar” və 24-də Ukraynanın “Desna” klubu olacaq.
“Səbail”in Türkiyədə daha bir oyun keçirəcəyi istisna edilmir.

SABAH
Premyer Liqanın debütantı “Sabah” yanvarın 2-dən Antalyanın Lara bölgəsində məşq toplanışındadır.
Komanda yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da Macarıstanın “MTK Budapeşt” və 22-də “Pakş” komandaları ilə üz-üzə gələcək.
Yanvarın 12-də daha bir yoxlama görüşü keçirməyi planlaşdıran “Sabah”ın Türkiyə toplanışı bu ayın 23-dək davam edəcək.

QƏBƏLƏ
“Qəbələ” 2018/19 mövsümünün ikinci yarısının hazırlıqlarına start verib. Yanvarın 6-da Bakıda bir araya gələn “qırmızı-qaralar” ilin ilk məşqini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirib. Xatırladaq ki, “qırmızı-qaralar” yanvarın 13-dək paytaxtda məşq edib, ardınca Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” yanvarın 27-dək Antalyada məşq toplanışında olacaq. Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq komanda Türkiyə toplanışı müddətində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

SUMQAYIT
"Sumqayıt" mövsümün ikinci yarısının hazırlıqlarına yanvarın 4-də "Dalğa Arena"nın köməkçi meydançasında start verib.
Hazırlığın ilk mərhələsi yanvarın 11-dək davam edəcək. 2 günlük istirahətin ardınca isə “Sumqayıt” Antalyaya yola düşəcək. Komandanın Türkiyədə 4 yoldaşlıq görüşü keçirəcəyi bildirilir.

KEŞLƏ
Yanvarın 5-də Bakıda məşq toplanışına başlayan “Keşlə” yanvarın 9-da yoldaşlıq görüşü keçirəcək. 1-ci divizion təmsilçisi “Qaradağ-Lökbatan”la oyunun Türk Hava Yolları Futbol Mərkəzində keçirilməsi nəzərdə tutulur.
“Keşlə” 12-26 yanvar tarixlərində isə hazırlıqlarını Antalyada davam etdirəcək.
Komanda yanvarın 18-də Özbəkistanın U-23 millisi, 23-də “Concordia Chiajna” (Rumıniya), 25-də isə “Çertanovo” (Rusiya) ilə yoxlama matçı keçirməyi planlaşdırır.

ZİRƏ
Autsayder “Zirə” yanvarın 5-dən Bakıda hazırlıqlara başlayıb.
Komanda yanvarın 12-də Türkiyəyə yollanacaq. Bələk bölgəsində qalacaq “Zirə” orada 4 yoxlama oyunu keçirəcək.
“Qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) komandaları ilə görüşdə qüvvəsini sınayacaq. Digər iki rəqibin kimliyinə isə aydınlıq gəlməyib.
“Zirə”nin yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacağı bildirilir.