Yəmən və Suriyada futbol yaşayır

Futbol 11.01.2019 17:32
Yəmən və Suriyada futbol yaşayır
210 Dəfə oxunub
İtaliyalılar – 2006 dünya çempionu Marcello Lippi (Çin millisi) və Alberto Zaccheroni (BƏƏ), isveçli Sven-Göran Eriksson (Filippin) və argentinalı Héctor Cúper (Özbəkistan), portuqaliyalılar Carlos Queiroz (İran) və Paulo Bento (Cənubi Koreya) kimi məşqçilərin qatıldığı yarış necə maraqsız ola bilər ki?

“Tottenham”in ikinci məhsuldar oyunçusu
Bu həm də Almaniya və İngiltərə klublarının formasını geyinən 20 futbolçunun çıxış etdiyi yarışdır.
Elə hazırkı mövsüm Harry Kanedən sonra Premyer Liqada 8 qolla “Tottenham”in ikinci məhsuldar oyunçusu olan cənubi koreyalı Son Heung-min də klubunun çempionluq uğrunda mübarizə aparmasına baxmayaraq, kapitan kimi 3-cü qrup oyunundan öz ölkəsinin şərəfini qoruyacaq.

Avropadan 74 futbolçu
Həm dünyaca məşhur məşqçilər, həm də Avropada top qovan ümumilikdə 74 futbolçu Asiya çempionu titulu uğrunda mübarizə aparır. Yanvarın 5-də Birləşmiş Ərəb Əmirliklərində start götürən və rəsmən AFC Asian Cup (AFC – Asiya Futbol Konfederasiyası) adlanan Asiya kuboku turniri fevralın 1-ə kimi davam edəcək.

Tarixi Avropa çempionatından əvvəl başlayan yarış
Avropa çempionatı-2016-dan ruhlanan asiyalılar da öz qitələrinin əsas futbol yarışında iştirakçıların sayını 24-ə yüksəldiblər. Amma bir məqamı xatırlayaq ki, Asiyada (1956) qitənin ən güclü komandasını Avropadan (1960) əvvəl müəyyənləşdirməyə başlayıblar.

3 debütant - Qırğızıstan, Filippin və Yəmən
İştirakçıların sayının artması sayəsində Qırğızıstan, Filippin və Yəmən kimi ölkələrin milli komandaları da AFC Asian Cup turnirində debüt etmək imkanı qazanıblar. Eləcə də Livan 2000-ci ildən, Türkmənistan isə 2004-cü ildən sonra ilk dəfə yarışa qatılmaq şansı əldə ediblər.
Qırğızıstan və Türkmənistandan fərqli olaraq, Özbəkistan ardıcıl 7-ci dəfə Asiya çempionu adı uğrunda mübarizə aparır və 2011-ci ildə 4-cü yeri tutmağı bacarıb. Keçmiş sovet respublikalarından yalnız Tacikistan (və Asiya futbol ailəsinin üzvü olduğu vaxt Qazaxıstan) hələ də qitə çempionatının final mərhələsinə vəsiqə qazanmağın sevincini yaşaya bilməyib. Ümumiyyətlə, 2019 AFC Asian Cup turnirindən kənar qalanlar arasında Küveyt, İndoneziya, Malayziya, Honkonq, Sinqapur kimi ölkələrin olduğunu da vurğulayaq.

Özbəkistanlı qapıçının rekordu
Özbəkistana gəlincə, AFC Asian Cup turnirinin səviyyəsi, əvvəlkilərlə hazırkı yarışın müqayisəsi barədə ən yaxşı, yəqin ki, bu komandanın qapıçısı İqnati Nesterov danışa bilər. 35 yaşlı futbolçu 5-ci Asiya kubokuna qatılmaqla rekorda imza atır.

Futbol müharibədən üstündür
Birləşmiş Ərəb Əmirliklərində keçirilən çempionat həm də hərbi münaqişələrin olduğu Yəmən və Suriya kimi ölkələrdə futbolun yaşadığına bariz sübutdur.
Amma Yəmən komandası sonuncu dəfə öz ölkəsində 2012-ci ildə oynayıb, milli çempionatı isə 2015-ci ildən keçirilmir. Bu səbəbdən Asiya kubokunun bütün iştirakçıları arasında FIFA-nın reytinqində ən aşağı mövqedə - 135-ci pillədə qərarlaşan yəmənlilər üçün mötəbər yarışda çıxışın özü böyük nailiyyətdirsə, Suriya millisi tarixində ilk dəfə qrup mərhələsini adlaya bilər.
Digər diqqətçəkiçi məqam - həm Yəmən, həm də Suriya hazırkı Asiya kubokunda heyətinin yarıdan çoxu legioner olan azsaylı komandalardandır. Bu göstəricidə lider isə Avstraliyadır – yalnız 3 futbolçusu öz çempionatında oynayır.

İran, Cənubi Koreya, Yaponiya, Avstraliya...
“Favoritlər kimdir?” sualına 2018-ci il Rusiya mundialından cavab tapmaq mümkündür. Avropa çempionu Portuqaliyaya məğlub olmayan İran, Almaniyanı qrupda saxlayan Cənubi Koreya, Kolumbiyaya qalib gələn Yaponiya və gələcək dünya çempionu Fransaya çətin anlar yaşadan Avstraliya. 2006-cı ildən Asiya futbol ailəsinə qoşulan avstraliyalılar həm də AFC Asian Cup turnirinin son çempionudurlar (2015) və BƏƏ-də titullarını qoruyurlar.

Təbriz klublarının futbolçuları, ərdəbilli Kərim...
İran 2019 AFC Asian Cup turnirinə ev sahibliyi etmək uğrunda mübarizədə Birləşmiş Ərəb Əmirliklərinə məğlub olsa da, FIFA reytinqində ən yüksək mövqedə olan Asiya komandası kimi (29-cu yer) qələbəsini yaşıl meydanlarda qazanmağa çalışacaq. Bu işdə cənub qonşumuza Təbrizin “Traktorsazi” klubunun futbolçuları Ehsan Həcsafi, Məsud Şocaei (millinin kapitanı) və Aşkan Decagah (müsahibələrinin birində həyat yoldaşının Bakıda doğulduğunu və azərbaycanlı olduğunu, özünün isə türkcə bilmədiyini bildirib), “Maşinsazi” komandasının təmsilçisi Hosseyn Kanaanizadegan, həmçinin “Nottingham Forest”də oynayan ərdəbilli Kərim Ansarifard yardımçı olacaqlar.
Maraqlıdır ki, Asiya çempionatının bütün dövrlər ərzində ən məhsuldar oyunçusu da ərdəbilli Əli Daeidir – 14 qol. Kərküklü Yunis Mahmud (İraq) isə 4 ayrı AFC Asian Cup turnirində qol vuran yeganə futbolçudur.

Asiya çempionatında meksikalı hakimlər
Bu yarış həm də Asiya kubokunda ilk dəfə VAR sisteminin tətbiqi ilə tarixə düşəcək. Amma hakimlər video köməkçilərin xidmətindən 1/4 final mərhələsindən başlayaraq yararlana biləcəklər.
Qarşılaşmaları idarə edənlər arasında César Ramosun rəhbərlik etdiyi meksikalı hakimlər briqadasının olması da diqqəti çəkir.
Oyunlarda haqq-ədaləti qoruyanlar arasında ən məşhuru isə dünya çempionatlarında hamıdan çox – 11 qarşılaşmanı idarə etmiş özbək Ravşan İrmatovdur.

Çempion 5 milyon dollar qazanacaq
İndi də yarışın maliyyə tərəfi barədə. 2019 AFC Asian Cup turnirinin ümumi mükafat fondu 14,8 milyon dollardır. Çempion 5 milyon, finalçı 3 milyon, yarımfinalda məğlub olanlar isə 1 milyon dollar qazanacaq. 24 iştirakçının hər birinə həmçinin 200 min veriləcək.

1449 jurnalist yarışı işıqlandırır
Televiziya vasitəsilə bütün dünyada 2,5 milyarddan çox insan Asiya komandalarının mübarizəsini izləyə bilər. Ümumiyyətlə, müxtəlif ölkələrindən akkreditasiyadan keçən 1449 jurnalistin yarışı işıqlandırdığı bildirilir.
İlk dəfə 1996-cı ildə, ümumiyyətlə ikinci dəfə Asiya kubokuna ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliklərinin 4 şəhərindəki 8 stadionda 28 gün ərzində 51 oyun...

Asiya Futbol Konfederasiyasının prezidenti bəhreynli Shaikh Salman bin Ebrahim Al Khalifa 2019 AFC Asian Cup barədə belə deyib: “Bu yarış tarixə düşəcək və Asiyada futbol üçün böyük qürur mənbəyi olacaq. Ən güclü komanda qalib gəlsin”.

Rasim M.