Qana futbolundakı korrupsiyanı araşdıran jurnalist qətlə yetirilib

Futbol 17.01.2019 23:57
Qana futbolundakı korrupsiyanı araşdıran jurnalist qətlə yetirilib
258 Dəfə oxunub
Qanada ölkə futbol assosiasiyasındakı korrupsiyanı araşdıran yerli jurnalist Ahmed Hussein-Suale güllələnib.

Motosiklda olan naməlum şəxslər ona atəş açaraq qətlə yetiriblər.

Ötən yay “BBC Africa Eye” Qana futbolundakı rüşvətlə bağlı film təqdim etmişdi. Orada qanalı hakimlərin, futbol assosiasiyası məmurlarının, o cümlədən qurumun prezidenti Kwesi Nyantakyinin 65 min dollar məbləğində rüşvət alması ictimaiyyətin diqqətinə çatdırılmışdı.

Ümumiyyətlə, Qanada mətbuata qarşı belə təzyiq nadir hadisədir. 1992-ci ildən adıçəkilən ölkədə cəmi bir jurnalistin qətlə yetirildiyi bildirilir.

Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatına görə isə, 2017-ci ildə bütün Afrika ərazisində 8 jurnalist öldürülüb.