Səudiyyəlilər topa nəzarət etdi, Almoez fərqləndi

Futbol 18.01.2019 09:44
Səudiyyəlilər topa nəzarət etdi, Almoez fərqləndi
371 Dəfə oxunub
Birləşmiş Ərəb Əmirliklərində keçirilən AFC Asian Cup, yəni Asiya kuboku turnirində qrup mərhələsi başa çatıb. Yarışa qatılan 24 komandadan 16-sı mübarizəni 1/8 finaldan davam etdirəcək.

Qrup mərhələsinin son oyun günü E qrupunda Səudiyyə Ərəbistanı – Qətər qarşıdurması ilə əlamətdar oldu. İki ölkə arasında olan məlum siyasi problemin də rəng qatdığı oyun “kiçik qardaş”ın gözlənilməz qələbəsilə başa çatdı – 2:0.
Qətər DÇ-2022-yə ev sahibliyi edəcəyindən tarixində ilk dəfə mundiala qatılacaq milli komanda üçün hər qələbə böyük stimuldur.

2014-cü ildən sonra ilk dəfə qarşılaşan rəqiblərin Abu Dhabidə 16067 nəfərin izlədiyi (əksəriyyət səudiyyəli idi) oyununda Qətərin himnini oturaraq dinləyənlər də oldu.
Qətərin penaltidən fərqlənə bilməməsinə isə səudiyyəli azarkeşlər sanki komandalarının mundialın finalında qol vurması kimi reaksiya verdilər.

Amma sevincləri də uzun sürmədi. Səudiyyə Ərəbistanı futbolçuları yenə (məsələn, 2018 mundialında olduğu kimi) topa nəzarət etdilər (71 % - 29 %), yenə daha çox ötürmə verdilər (592 - 236), amma 22 yaşlı Almoez Alinin iki dəqiq zərbəsi qarşısında aciz qaldılar.
Avstriya və İspaniyanın aşağı divizion klublarında oyun təcrübəsi olan Sudan əsilli bu hucumçu hazırda 7 qolla Asiya kubokunda bombardirlər yarışına liderlik edir. Onu 4 qolla “Rostov”un özbək forvardı Eldor Şomurodov izləyir.

Səudiyyə Ərəbistanı – Qətər qarşılaşması, eyni zamanda, ispaniyalı mütəxəssislərin dueli idi. Düzdür, Səudiyyə Ərəbistanı millisini çalışdıran 50 yaşlı Juan Antonio Pizzi Argentina əsilli olsa da, futbolçu kimi İspaniya millisində çıxış edib. Amma gün onun günü deyildi.
Qalib 43 yaşlı Félix Sánchez Bas 21 yaşından 31 yaşına kimi “Barcelona”nın yeniyetmələr komandalarında məşqçi kimi çalışıb, 2006-cı ildənsə Qətərdə işləyir və 2017-ci ilin iyulundan əsas milliyə cavabdehdir.

Beləcə, Cənubi Koreya, Qətər və Yaponiya maksimum nəticə - 9 xalla yoluna davam edir. Omanın tarixində ilk dəfə qrup mərhələsini adlaması, həmçinin debütant Qırğızıstanın, qrup 3-cüsü kimi olsa belə, ilk cəhddən 1/8 finala çıxması diqqəti çəkir.

Asiya kubokunun geridə qalan 36 qarşılaşmasında 96 qol vurulub ki, bu da orta hesabla hər matçda 2,67 qol deməkdir. Oyunlardakı orta tamaşaçı sayı isə hələ ki, 10286 nəfər təşkil edir.

İki günlük istirahətdən sonra Asiya kubokunda mübarizə yenidən davam edəcək. Hansı 8 komandanın çempionluq uğrunda mübarizə aparacağına 20-22 yanvar tarixlərində aydınlıq gələcək.

2019 AFC Asian Cup
1/8 final
20 yanvar
İordaniya – Vetnam
Tailand – Çin
İran – Oman
21 yanvar
Yaponiya – Səudiyyə Ərəbistanı
Avstraliya – Özbəkistan
BƏƏ – Qırğızıstan
22 yanvar
Cənubi Koreya – Bəhreyn
Qətər – İraq