“Azərbaycanın Asiyadan mundiala çıxması...”

Futbol 21.01.2019 10:17
“Azərbaycanın Asiyadan mundiala çıxması...”
1186 Dəfə oxunub
Asiya kubokunda debüt edən və ilk cəhddə 1/8 finala çıxmağı bacaran Qırğızıstan millisi bu gün qitənin səkkiz ən güclü komandası sırasına düşmək üçün yarışın təşkilatçısı Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşacaq.
Məşhur italiyalı Alberto Zaccheroninin çalışdırdığı ərəblərlə oyuna qırğızları 40 yaşlı rusiyalı Aleksandr Krestinin çıxaracaq. Krasnodarda anadan olan mütəxəssis futbolçu kimi müdafiəçi mövqeyində çıxış edib, karyerasının böyük hissəsini vətəni Rusiyada keçirib, bir müddət Qazaxıstan və Qırğızıstanda da legioner həyatı yaşayıb. 2014-cü ildən isə Qırğızıstan millisini çalışdırır.
Aleksandr Krestinin komandasının BƏƏ ilə oyunu ərəfəsində suallarımızı cavablandırdı.

- Keçən il Qırğızıstan komandası Bakıda yoldaşlıq görüşündə Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olub. Bu oyunun nəticəsinə əsasən, bizim futbolun səviyyəsinin sizinkindən daha yüksək olduğunu demək olarmı?
- Bəli, təkcə bu oyuna görə deyil, ümumiyyətlə, deyə bilərik ki, Azərbaycan futbolunun səviyyəsi daha yüksəkdir. Bu da nəyə əsaslanır? Sizdə bir çox əcnəbi məşqçi çalışıb, hətta Yuri Syomin də, Adams da. Azərbaycan çempionatı haqqında məlumatım var. İnfrastrukrur, maddi-texniki baza sizdə daha yaxşıdır, akademiyalar işləyir. Bizdə bununla bağlı problemlər var. Stadionlar inşa etmək, akademiyalar açmaq üçün vəsait buraxılmır. Heç millinin öz bazası yoxdur, şikayət etmirəm, sadəcə faktı deyirəm.
Həmin oyuna gəlincə, təəssüf ki, biz əsl gücümüzü göstərə bilmədik. Buna da bizim daxili problemlər səbəb oldu. Avropa komandaları, hətta Asiyanın böyük komandaları ilə oyun təcrübəmiz azdır. Azərbaycanı mən yaxşı səviyyəli komanda hesab edirəm. Bu da psixoloji cəhətdən problem oldu bizə.

- Ondan əvvəl Azərbaycan komandaları ilə qarşılaşmışdınızmı?
- 2011-ci ildə Birlik kubokunda Azərbaycan “İnter”inə qarşı oynamışıq. O vaxt Qırğızıstanın “Neftçi” komandasının baş məşqçisi idim. Düzdür, onda yaxşı çıxış etmədik (“İnter”ə 0:3 uduzmuşdular – red.), yarışa eksperimental heyətlə getmişdik, yeni oyunçuları yoxlayırdıq, öz məqsədlərimiz vardı.

- Bəs nə vaxtsa Azərbaycandan təklif almısınızmı?
- Oyunçu kimi Azərbaycana baxışa gəlmişəm. 2010-cu ildə iki həftə Bakıda toplanışda oldum. Ümumi məxrəcə gələ bilmədik. Komandanın adı yadımdan çıxıb. Amma yaxın tanışım Vitali Balamestnının oynadığı klub idi (2009/10 mövsümündə Sumqayıt “Standard”ında oynayıb – red.).

- Siz futbolçu və məşqçi kimi “Neftçi”də çalışmısınız. Amma Qırğızıstan klubunda. Keçmiş SSRİ-də isə bizim “Neftçi” daha populyar olub...
- Qırğızıstan “Neftçi”sinin sponsoru “Kırqıznefteqaz”dır. Bu komandaya oyunçu kimi gəlmişdim, sonra baş məşqçisi oldum. Elə ilk ildə biz ölkə çempionluğunu qazandıq. O vaxta kimi komandanın heç bir uğuru yox idi. Oradan da mənim Qırğızıstan futbolumdakı fəaliyyətim başlayıb.
Sizin əfsanəvi “Neftçi”ni isə hələ sovet dövründən xatırlayıram. Qapıçı Aleksandr Jidkov... Hücümda İskəndər Cavadov çox parlaq oyunçu idi.

- “Kırqıznefteqaz” bəs milliyə niyə kömək etmir?
- O, böyük şirkət deyil. Qırğızıstanda neft ehtiyatı elə də çox deyil. Ümumiyyətlə, heç bir dövlət şirkəti bizim federasiyaya kömək etmir.

- Qırğızıstan millisinin, federasiyanın sponsoru kimdir?
- Bizim baş sponsor “Şoro” şirkətidir. İçkilər - sular, mineral sular, milli içkilər istehsal edirlər, amma spirtli yox. Onlar, təbii ki, neft şirkətləri kimi kömək edə bilmir. Azərbaycandakı vəziyyəti bilirəm. Amma bizdə belə deyil.

- Tezliklə Qırğızıstan Futbol Federasiyasında prezident seçkiləri olacaq. Federasiyaya imkanlı biri gələ bilərmi?
- Bilmirəm. Bununla bağlı heç bir proqnozum yoxdur. Yaşayarıq, görərik.

- Futbolun maliyyə tərəfi də azarkeşlər üçün həmişə maraqlı olub. Qırğızıstanda futbolçular nə qədər qazanırlar?
- Çox kiçik məbləğdir. Legionerlər ayda 1500 dollardan çox qazanmırlar. Yerli oyunçularsa 1000 dollar və daha az. Maliyyə baxımından vəziyyətimiz çox çətindir.

- Qırğızıstan millisinin iki oyunçusu Banqladeş çempionatında çıxış edir. Hətta bir oyunçunuz Türkiyənin həvəskar klubunda oynayır. Doğrudanmı, kasıb Banqladeşin klubları da sizinkilərdən çox maaş ödəyir? Amma axı sizin milli onlarınkından daha güclüdür...
- Təsəvvür edin. Onlar oyunçulara ayda 5 min dollardan çox ödəyirlər. Amma milli çempionatlarının səviyyəsi Qırğızıstandan yüksək deyil. Millilərimiz isə tamam əks qütblərdədirlər.

- Sizin komandada indi Qana əsilli Daniel Tagoe oynayır, əvvəl də millidə qanalı, kamerunlu futbolçularınız olub. Milliləşdirmə məsələsinə necə baxırsınız?
- Bu məsələ məndən əvvəl olub. Özü də onları klublar milliləşdirib, sonra milliyə də dəvət olunublar. Buna münasibətim yaxşı deyil. Millidə Qırğızıstan əsilli futbolçular oynamalıdır. Düzdür, legionerlər komandamızı gücləndirə bilərlər, amma axı indi böyük yarışları udmaq asan məsələ deyil, ona görə bu məsələyə müsbət baxmıram. Klublara isə legionerlər lazımdır, gənclər onlara baxıb nəsə öyrənə bilər.

- Qırğızıstan çempionatında legioner limiti varmı?
- Bəli, oyun üçün heyətdə 5 əcnəbi ola bilər ki, onlardan da 4-nün meydana çıxmasına icazə var. Bundan başqa, yaş limiti də var. Mütləq milli çempionatın hər qarşılaşmasında hər komandada 21 yaşadək bir yerli futbolçu oynamalı və daha ikisi matç üçün heyətdə yer almalıdır. Bu bizim üşün vacib məsələdir. Mən özüm bu ideyanın təşəbbüskarı olmuşam. Bilirik ki, hansı yolla gedirik və gənclər, bu yolla olsa belə, oyun təcrübəsi qazanmalıdırlar. Çünki gərək gənclər və yeniyetmələr yığmalarımızda oyun təcrübəsi olan futbolçular oynasın.

- 2017-ci ildən Qırğızıstanda həm də “Dordoy” klubunda baş məşqçi kimi çalışırsınız. İki yerdə işləmək çətin deyil ki?
- Məcburiyyətdən atılmış addımdır. Çünki milliyə ayrılan vaxt futbolçuların bir-birinə alışmasına imkan vermir. Millidə biz konkret oyuna hazırlaşmalı, taktiki məsələləri həll etməliyik. Amma klublardakı iş məni qane etmir. Futbolçular milliyə lazımi səviyyədə gəlmirlər. Ona görə klubda da çalışaraq hər gün futbolçularla iş apara bilirik. Klubda işləməyəndə millidə toplanışlarımızı 12-14 günlük edirdik. Yeri gəlmişkən, bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük. Bilirəm ki, sizdə də 20 günə yaxın çəkən toplnışlar olurdu. Yolun başlanğıcında bizim kimi ölkələr üçün bu, doğru addımdır. Amma indi hazırlığımız hardasa bir həftə olur. “Dordoy” millinin baza klubudur, millinin əksər oyunçusu orada oynayır və hər gün düzgün işlə məşğuluq. Ona görə millidə futbolçuların fiziki və texniki hazırlığı kimi məsələlərə vaxtımızı sərf etmirik. İki yerdə çalışmaq əksinə işimizə yarayır və son uğurlarımızda bu məsələnin də böyük rolu var.

- Bizdə bəziləri belə düşünür ki, əgər Azərbaycan millisi Avropada deyil, Asiyada oynasaydı, qitə çempionatında yaxşı yerlər tutar və dünya çempionatlarının final mərhələsinə çıxardı...
- Kökündən yalnış fikirdir. Azərbaycan millisinə hörmətim böyük olsa da, mundiala çıxmaq asan deyil. Burada Yaponiya, Cənubi Koreya, Avstraliya, İran kimi komandalar var. Çox çətin olardı...

Rasim