Daliç: "Hücumlar Almeydanın üzərindən qurulur"

Futbol 18.03.2019 15:33
Daliç: "Hücumlar Almeydanın üzərindən qurulur"
842 Dəfə oxunub
AÇ-2020-nin seçmə mərhələsində əvvəlcə Azərbaycan, ardınca isə Macarıstanla qarşılaşacaq Xorvatiya millisi təlim-məşq toplanışına start verib.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç mətbuat konfransı keçirib. O öncə heyətdəki problemlərdən danışıb: "Müdafiədə dünya çempionatındakı heyətdən yalnız Domoqoy Vida oynaya biləcək. Əslində elə ən böyük problemimiz də müdafiə xətti ilə bağlıdır. Futbolçular uzun müddət birlikdə oynamadıqlarından, heyəti qurmaq çətindir. Bir sözlə, bizim üçün asan olmayacaq”.

Daliç millimizlə oyun haqda da fikirlərini açıqlayıb: “Yurçeviç komandaya bir sıra yeni oyunçular dəvət göndərib. Onların heyətində braziliyalı Riçard Almeyda da var. Hücumlar onun üzərindən qurulur. Və biz uzun ötürmələrin qarşısını almalıyıq. Hücumçuları (Ramil Şeydayev - red) Rusiya çempionatında son vaxtlar məhsuldar oyun nümayiş etdirir.  Amma həmin qarşılaşmada hər şey bizdən, bizim necə oynamağımızdan asılı olacaq. “Maksimir” stadionunun tam dolacağını və azarkeşlərimizin bizə yaxşı dəstək verəcəyini gözləyirəm”.

Baş məşqçi qapı xəttində kimə güvənəcəyinə aydınlıq gətirib: "Məşqçilərlə bu haqda danışmışıq. Mən qapıçını dəyişməyin tərəfdarı deyiləm. Ancaq Kaliniç zədədən sonra az oynayıb. Livakoviç klubunda stabil oynayır. Onun komandası Avropa Liqasında da çıxış edirdi. Qapıçılar üzrə məşqçi Mrmiçlə bir qərar verəcəyik".

Qeyd edək ki, martın 21-də Azərbaycanı qəbul edəcək Xorvatiya yığması 3 gün sonra Macarıstanın qonağı olacaq.