Klublar finalın Naxçıvanda keçirilməsini istəmirlər

Futbol 16.04.2019 14:45
Klublar finalın Naxçıvanda keçirilməsini istəmirlər
456 Dəfə oxunub
AFFA Klublar Komitəsinin növbəti toplantısı keçirilib. İclasın gedişi haqqında komitə sədri Riad Rəfiyev brifinqdə məlumat verib.
O bildirib ki, gündəlikdəki  məsələlərdən biri oyunların vaxtı ilə əlaqədar olub: "Artıq havalar istiləşməyə doğru gedir. Aprelin 13-də "Zirə" - "Sumqayıt" matçı saat 16:00-da başladı. Azərbaycan Kubokunda bu iki komanda arasındakı ilk yarımfinal görüşü isə saat 16:30-da start götürəcək. Fikrimizcə, artıq oyunların saatlarını dəyişsək və bir qədər gec saatlara təyin etsək, daha yaxşı olar

Komitə sədri Azərbaycan Kubokunun final matçının süni işıqlandırma sistemi olmayan stadionda təşkilindən narahatlıqlarını da ifadə edib: "Əslində finalın regionda keçirilməsi gözəl fikirdir. Biz də bu ideyanı dəstəkləyirik. Sadəcə, bəzi nüanslar var ki, onunla əlaqədar müzakirə aparılır. Məsələn, Azərbaycan Kubokunun finalının Naxçıvanda keçiriləcəyi deyilir. Amma oradakı stadionda süni işıqlandırma yoxdur. May ayının 19-da havalar isti olacaq. Bununla əlaqədar hansı tədbirlər görüləcək? Növbəti iclas mayın 14-nə təyin olunub. Ümidvarıq ki, hansısa dəyişiklik olsa, o vaxtadək bizə Peşəkar Futbol Liqasından xəbər gələcək".

Nəhayət, UEFA-nın uşaq futbolu üçün klublara ayırdığı vəsaitin hara xərclənməsi də müzakirə olunub. Rəfiyevin sözlərinə görə, klublar gələn ay AFFA-ya bununla bağlı hesabatlarını təqdim etməlidirlər.

“Qəbələ”nin futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasının 24-cü turunun "Keşlə" ilə səfər oyunundakı (2:1) hərəkətinə də münasibət bildirən Rəfiyev bu məsələnin Klublar Komitəsinin iclasında müzakirə olunmadığını deyib: "Onun məsələsinə İntizam Komitəsi baxaraq müvafiq qərar verəcək. Toplantıda tərbiyə işləri barədə danışdıq. Əlbəttə, Monrozun davranışı yaxşı hal deyil. Heç kim istəməz ki, belə alınsın. Biz və başqa klublar da müzakirələr aparırıq. Futbolçulara təkcə əsas komanda ilə deyil, akademiyada da özlərini necə aparmaları və media ilə necə münasibət qurmalı olduqları kimi məsələləri çatdırırıq".