Nikola Yurçeviç: "Maksimum səylə oynayacağıq"

Futbol 21.05.2019 20:00
Nikola Yurçeviç: "Maksimum səylə oynayacağıq"
173 Dəfə oxunub
Bu gün milli komandamızın baş məşqçisi Nikola Yurçeviç mətbuat konfransı keçirib. “Bakcell Arena”da media nümayəndələri qarşısına çıxan xorvatiyalı mütəxəssis Macarıstan və Slovakiya ilə oyunlara hazırlıqdan danışıb:

"Əvvəlki toplanışla indiki arasındakı fərq böyükdü. İlk dəfə 5-6 günlük yığışmışdıqsa, bu dəfə hazırlığa daha çox vaxtımız olacaq. Ancaq futbolçuların fərqli vaxtlarda millinin düşərgəsinə gəlməsi işimizi bir qədər çətinləşdirir. Toplanışa 16 futbolçuyla başlamışıq. Bu sayda futbolçuyla ayın 24-dək davam edəcəyik. Dmitri Nazarov, Dadaşov qardaşları, Əli Babayev, Bəhlul Mustafazadə 24-dən bizimlə birgə olacaqlar. Son 1 həftədə isə Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Edi İsrafilov sıralarımıza qoşulacaq. Motivasiyamız yüksəkdir. Nikbin əhval-ruhiyyədəyik. İnanıram ki, stadion dolacaq və arzuladığımız nəticəni birlikdə əldə edəcəyik. Heyətə dəvət alan 27 futbolçudan sonda üçü kənarda qalacaq. Onu da əlavə edim ki, iyunun 1-də U-21 yığması ilə yoxlama oyunu keçirəcəyik. Analoji vəziyyət digər yığmalarda da yaranıb. Göstərilən tarixdə tam heyətlə meydana çıxa bilməyəcəyik. Məsələn, Xorvatiya yığması 4-cü divizion komandasına qarşı oynayacaq. Bir çox ölkələr iyundakı oyunları sevinclə qarşılamır. Ancaq bütün hallarda, elə hazırlaşmalıyıq ki, ən yüksək səviyyədə olaq".

Yurçeviç qarşıdakı oyunlarda əllərindən gələni edəcəklərini deyib: "Konkret neçə xal toplayacağımızı deyə bilmərəm. Əlbəttə ki, maksimum səylə oynayacağıq. Bacardığımızın ən yaxşısını ortaya qoymalıyıq ki, uğurlu olaq. Özümüzdən razı olmaq üçün əsasımız yoxdu".

Millimizin baş məşqçisi qapı xəttində yəqin ki, Səlahət Ağayevə güvənəcəyini bildirib: "İndiki duruma görə desəm, Xorvatiya və Litvayla oyunlardan fərqli olmayacaq. Hesab edirəm ki, Səlahət Ağayev həmin oyunlarda müəyyən kredit qazanıb".