Marek Hamşik: "İsti və rütubətli havada oynayacağıq"

Futbol 10.06.2019 12:27
Marek Hamşik: "İsti və rütubətli havada oynayacağıq"
271 Dəfə oxunub
Avro-2020-nin seçmə mərhələsində sabah yığmamızın rəqibi olacaq  Slovakiya millisinin kapitanı Marek Hamşik yerli mətbuata müsahibə verib. Təcrübəli futbolçu əvvəlcə Azərbaycanı bir rəqib kimi dəyərləndirib: "Aşağı səbətdə daha asan rəqiblər var idi. Futbol irəliyə doğru gedir və bu komandalar artıq hər kəsə çətinlik yarada bilərlər. İsti və rütubətli havada oynayacağıq. Rəqib komanda öz meydanında çıxış edəcək. Əlbəttə çətin bir matç olacaq. Hiss edirəm ki, bu oyun bizim üçün açar rolunu oynayacaq, yəni çox əhəmiyyətli olacaq. Bura üç xal qazanmağa gəlmişik. Öz səviyyəmizi ortaya qoymalıyıq.

Hamşik bəzi futbolçuların uzun mövsümdən sonra bir qədər yorğun ola biləcəklərini etiraf edib: "Bu müddətdə kimin oynamasının bizim üçün bir fərqi yoxdur. Bəli, bəzi futbolçuların istirahət etmək üçün yetərli qədər vaxtı olmadı. Bu səbəbdən indiki məqamda evdə oynamaq bizim üçün daha asan olardı.

Uzun illər "Napoli"də oynamış yarımmüdafiəçi millimizin səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzduğu oyun haqda da fikirlərini bildirib: "Baş məşqçi Pavel Hapal bizə dedi ki, bunu düşünüb işimizi çətinləşdirməməliyik, başımız dik mübarizəmizi aparmalıyıq. Baş məşqçinin tapşırıqlarına əməl etməyə çalışacağıq. Sürətli və sadə oynamağımızı istəyib.

Hamşik indiyə qədər yığmamıza qarşı oynamadığını deyib: "Millidə çox matçda iştirak etməyimə baxmayaraq, onlara qarşı hələ oynamamışam. Keçmişi unutmaq lazımdır, çünki futbol dəyişir. Bu oyunda cəmi 1 qol da ola bilər və biz qalib gəlmək istəyirik.