"Məktəbli Kuboku" turniri başa çatdı

Futbol 20.06.2019 11:37
241 Dəfə oxunub
AFFA, Təhsil Nazirliyi və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final oyunu keçirilib.

Masallı Olimpiya Komplektində keçirilən final qarşılaşmasında Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin və Ağdam rayon 18 saylı tam orta məktəbin komandaları qarşılaşıb. 5:0 hesabı ilə qalib gələn Masallı komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin qalibi olub.

Qəbələ rayon 2 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin regional meneceri Elşad Fərzəliyev, Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov və futbol veteranı Zaur Ramazanov təqdim ediblər.

Qəbələ rayon 2 saylı tam orta məktəbin şagirdi Həsən Nəzərli turnirin ən yaxşı oyunçusu seçilib. Binəqədi rayon 126 saylı tam orta məktəbin komandasının üzvü Nurlan Qurbanov yarışın ən məhsuldar oyunçusu olub. Fair Play mükafatına isə Ağdam rayon 18 saylı məktəbin şagirdi Günel Əliyeva layiq görülüb.

Qeyd edək ki, "Məktəbli Kuboku" 8 ildir keçirilir.