"Qarabağ"ın müdafiə xəttində ciddi itkilər var

Futbol 10.07.2019 18:09
"Qarabağ"ın müdafiə xəttində ciddi itkilər var
587 Dəfə oxunub
"Qarabağ" bu gün "Partizani" ilə səfər oyununa itkilərlə çıxacaq. Xüsusən də müdafiə xəttindəki problemlər Qurban Qurbanovu narahat etməyə bilməz.

Çexiya “Viktoriya”sı ilə yoxlama matçında əzələsi dartılan Bədavi Hüseynovun həm bugünkü, həm də cavab matçını buraxacağı dəqiqləşib.

Amma komandanın müdafiə xəttində problemlər bununla yekunlaşmır. Donald Gerye hələ də “Qarabağ”ın düşərgəsinə qoşulmayıb. Bu səbəbdən Ağdam klubu onun da xidmətindən istifadə edə bilməyəcək. Ümumiyyətlə, haitili futbolçunun klubdakı taleyi qeyri-müəyyəndir.

Yeni transfer, sol cinah müdafiəçisi Ailton Silva isə cəzalı olduğuna görə “Partizani” ilə ilk matçda meydana çıxa bilməyəcək. Bundan başqa, bir neçə gün öncə dizindən zədələnən kapitan Rəşad Sadıqovun ayağında ağrılar davam edir. Amma o, bugünkü görüşdə komandasına kömək edə biləcək.

Beləliklə, bu gün “Qarabağ”ın müdafiə xəttində sol cinahda Abbas Hüseynov, ortada Rəşad Sadıqov və Rahil Məmmədov, sağda isə Maksim Medvedyevin çıxış edəcəyi gözlənilir. (qol.az)