"Neftçi" "Arsenal" səfərində, "Qəbələ" "Dinamo"ya qarşı

Futbol 25.07.2019 15:09
"Neftçi" "Arsenal" səfərində, "Qəbələ" "Dinamo"ya qarşı
1581 Dəfə oxunub
Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcəklər.

"Qırmızı-qaralar" bu mövsüm qitəmiqyaslı turnirdə ilk matça çıxacaqlar. Rəqib isə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası olacaq. Qəbələ şəhər stadionunda saat 19:00-da başlanacaq qarşılaşmanı şotlandiyalı referi Nikolas Uolş idarə edəcək.

"Qəbələ" - "Dinamo" cütünün qalibi növbəti mərhələdə Hollandiya "Feyenoord"u ilə üz-üzə gələcək.

"Neftçi" isə Rusiyada "Arsenal"ın qonağı olacaq. Tula şəhərindəki "Arsenal" mərkəzi stadionunda Bakı vaxtı ilə saat 21:00-da startı veriləcək qarşılaşmaya Enea Yorqyinin rəhbərliyi altında albaniyalı hakimlər briqadası təyinat alıb.

"Arsenal" - "Neftçi" cütünün qalibi Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.

Hər iki qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.