Qurban Qurbanov: "Bəzən buraxılan qol komandaya fayda verir"

Futbol 12.08.2019 18:30
Qurban Qurbanov: "Bəzən buraxılan qol komandaya fayda verir"
555 Dəfə oxunub
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu haqda fikirlərini bildirib.

Təcrübəli mütəxəssis "Azərsun Arena"da təşkil edilən mətbuat konfransında rəqibə qarşı maksimum diqqətli olmağın vacibliyini qeyd edib:

"Çox vacib oyuna çıxırıq, həddindən artıq diqqətli olmalıyıq. Ola bilər, rəqibdə sistem dəyişikliyi olsun. Komandaya yeni baş məşqçi gələndə adətən ilk matça fərqli əhval-ruhiyyədə olur, özlərini göstərməyə çalışırılar. Düşünürəm ki, dərinə getməməliyik, daha çox öz oyunumuzu düşünməliyik".

Qurbanov heyətlə bağlı ciddi problemlərinin olmadığını vurğulayıb: "Təcrübə göstərir ki, 2:1 və 3:1 kimi hesablar komandanı arxayınlaşdırmır. Əlbəttə, ilk matçda 2:0 hesabı ilə qalib gəlsəydik, daha yaxşı olardı. Amma bəzən buraxılan qol komandaya fayda verir. Start heyəti ilə bağlı səhər məşqindən sonra qərar verəcəyik. Maqaye Qeyenin "11-lik"də yer alacağını düşünmürəm, amma meydana çıxa bilər".

"Qarabağ" ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:30-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.