invest

Bədii gimnastika və aerobika üzrə çempionat keçiriləcək

Gimnastika 24.11.2016 16:06
Bədii gimnastika və aerobika üzrə çempionat keçiriləcək
552 Dəfə oxunub
1 və 2 dekabr tarixlərində Milli Gimnastika Arenası öz qapılarını idman sevərlərin üzünə açacaq. Bu dəfə arenada bədii gimnastika üzrə 23-cü Bakı Çempionatı və Birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi təşkil olunacaq.

Yarışların ilk günü bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyasında yer almış idmançılar öz çıxışlarını nümayiş etdirəcəklər.

Daha sonra balacalar yaş kateqoriyasında (2006-2008) yer almış 8 qrup hərəkətləri komandasının alətsiz və topla əsrarəngiz çıxışlarının şahidi olacağıq.

Yarışların ikinci günü bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayacaqlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edəcəklər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-nin İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edəcəklər.

Yarışları CBC Sport TV kanalında və Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında canlı yayım vasitəsilə izləmək mümkün olacaq.