Fərid Qayıbov: "Etimadı doğrultmağa çalışacam"

Gimnastika 06.12.2017 18:51
Fərid Qayıbov: "Etimadı doğrultmağa çalışacam"
286 Dəfə oxunub
Bu gün Milli Olimpiya Komitəsində mətbuat konfransı keçirilib. Tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov iştirak edib.

Mətbuat konfransı Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsinə həsr olunub.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2017-ci ili Azərbaycan idmanı üçün uğurlu olduğunu deyib. O, idmanda Avropa qitəsinin önəmli rolunu qeyd edib və Fərid Qayıbovun qitə qurumunun prezidenti seçilməsini Azərbaycan idman salnaməsində tarixi hadisə kimi qiymətləndirib.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov isə Mehriban Əliyevanın federasiya prezidenti seçilməsindən sonrakı 15 ildə mühüm dəyişikliklərin baş verdiyini, əsaslı infrastrukturun qurulduğunu diqqətə çatdırıb, qurumun davamlı inkişaf yolunda olduğunu bildirib.

Qayıbov sözlərinə ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etməklə başlayıb, ölkəmizi Avropada layiqincə təmsil etməyə çalışacağını vurğulayıb. O, həmçinin federasiyanın baş katibi kimi fəaliyyətini dayandırdığını açıqlayıb.

O, etimadı doğrultmağa çalışacağını deyib: "Bunun üçün səylə çalışacağam. Bu gün 100-dən çox idmançımız var. Buna çox sevinirik. Biz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına yollananda 6-cı idmançını tapa bilmirdik. Bu gün rayonlarımızda da gimnastlarımız yetişməkdədir. Avropa ölkələri mənə səs veriblər. İki ildən bir UEG-nin Konqresi keçirilir. İnanıram ki, iki ildən sonra gördüyüm işlərlə onların qarşısına çıxacağam. İşləmək, yadda qalmaq üçün namizədliyimi vermişəm”.

AGF-nin vitse-prezidenti Altay Həsənov isə baş katib vəzifəsinə iki namizədin olduğunu bildirib və bununla bağlı ayın sonunda qərar veriləcəyini deyib.